BTC layihəsinə ötən il 176 mln. dollar xərclənib

822

“BTC Co.” şirkəti 2016-cı il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə 176 mln. dollar xərcləyib.

“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, əməliyyat xərclərinə təqribən 118 mln. dollar, əsaslı xərclərə isə 58 mln. dollar sərf olunub.

BTC üzrə əməliyyat xərcləri 2015-ci illə müqayisədə 24% azalıb, əsaslı xərclər isə 1,7% artıb.

BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2016-cı ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 349 mln. ton (təxminən 2,61 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3 425 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hesabat ilində isə BTC vasitəsilə təqribən 33,5 mln. ton (4% az) xam neft ixrac olunub və bu neft Ceyhanda 313 tankerə yüklənib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “AÇG” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

“BTC Co.”-nun səhmdarları rolunda BP (30,10%), “AzBTC” (25,00%), “Chevron” (8,90%), “Statoil” (8,71%), TPAO (6,53%), “Eni” (5,00%), “Total” (5,00%), “İtochu” (3,40%), “İnpex” (2,50%), CIECO (2,50%) və “ONGC (BTC) Ltd.” (2,36%) şirkətləri çıxış edir.