Xocalı soyqırımının 25–ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

433

Xocalı soyqırımının 25 – ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə faciə qurbanlarının xatirəsi ehtiramla anılaraq, həmin dövrdə baş verənlərə bir daha nəzər yetirilib.
Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov çıxış edərək bildirdi ki, erməni təcavüzkarları Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətmişlər. “Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecədə erməni silahlı dəstələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etdi. Misli görünməyən qırğın törədildi. Xocalıda törədilən kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.
Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Heydər Əliyev fondunun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində təşkil olunan sərgilər, keçirilən anım mərasimləri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan «Xocalıya ədalət» beynəlxalq kampaniyası” Xocalı soyqırımına dair həqiqətlərin dünyada tanıdılmasında mühim rola malikdir.