Dünya Dənizçilik Universitetində magistr təhsili alacaq iki tələbənin bütün xərclərini Gəmiçilik ödəyəcək

2193

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dəyüksəkixtisaslı gənc mütəxəssislərin hazırlanması, onların dənizçilik sahəsində beynəlxalq təcrübəyə dərindən yiyələnməsi istiqamətində ardıcıl addımlar atılır. İstedadlı və perspektivli gənclərin xarici ölkələrin aparıcı dənizçilik universitetlərində təhsil alması məqsədi ilə təsis olunan Təqaüd Proqramı da belə addımlardan biridir.

Bu il  elan olunan proqram Azərbaycan Dövlət Dəniz Akademiyasının daha iki  tələbəsinə  Avropada dənizçilik sahəsində magistr təhsili almaq imkanı yaradıb. Belə ki, ADDA-nın “menecment” ixtisası üzrə məzunu Nərminə Müzəffər qızı Cabbarova və “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” ixtisası üzrə məzunu Aqşin Şabəddin oğlu Muxtarov “İELTS” imtahanlarından 6.5 və Akademiyanın daxili imtahanlarından  yüksək bal toplayaraq müsabiqədən uğurla keçiblər. İsveçin Malmö şəhərində yerləşən Dünya Dənizçilik Universitetində (World Maritime University) müasir dənizçiliyin prioritet istiqamətlərindən sayılan  “Dəniz daşımalarının idarə olunması və loqistika” ixtisası üzrə magistr təhsili alacaqlar. Gənclərimiz 14 aylıq təhsil müddətində Çin, İngiltərə və Körfəz ölkələrinin dənizçilik sahəsində təcrübələri ilə  də yaxından tanışlıq imkanı əldə edəcəklər. Hazırda  Gəmiçilik və Dünya Dənizçilik Universiteti arasında təqaüd proqramının detalları haqqında danışıqlar aparılır.

Tələbələrin bütün təhsil  xərclərini  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ödəyəcək. Təhsilini bitirdikdən sonra isə hər iki gənc  beş il  Gəmiçilikdə işləmək  öhdəliyi götürüb.

Məlumat üçün bildirək ki, Dünya Dənizçilik Universitetini (World Maritime University) Birləşmiş Millətlər Təşkilatının (UN) ixtisaslaşdırılmış orqanı kimi Beynəlxalq Dəniz Təşkilatı (IMO) təsis edib.  Burada bir çox ölkələrin  dənizçiləri təcrübələrini artırmaq üçün təhsil alırlar. Beynəlxalq Dəniz Təşkilatının baş katibi  Kitak Lim, Türkiyənin baş naziri Binəli Yıldırım kimi tanınmış şəxslər bu universiteti bitiriblər.  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC  sədrinin birinci müavini Zamiq İsmayılov da Dünya Dənizçilik Universitetinin məzunudur.

Xatırladaq ki, 2015-ci ilin sentyabrından AXDG-nin nəzdində Gənclər Mərkəzi fəaliyyət göstərir. Sözügedən proqramın reallaşdırılmasında yaxından iştirak edən  mərkəzin əsas məqsədi istedadlı və fəal gəncləri müəyyənləşdirərək həvəsləndirici tədbirlər görmək və kadr hazırlığını stimullaşdırımaqdan ibarətdir.