Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsi çərçivəsində “Müxtəlif növ gəmilərdə baş vermiş real hadisələr üzrə inzibati icraatın təhlili”nə dair seminar keçirilib.
Layihənin başlıca məqsədi, Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsi və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarətdir.
Tvinninq layihəsi çərçivəsində ölkəmizə dəvət olunan İspaniyalı mütəxəssislər — xanım I.G.Fernandez, kapitan L.Fernandez və R.Pastor tərəfindən İspaniya Krallığının inzibati xətalar və inzibati icraat sistemi, İspaniya Ticarət Gəmiçiliyi Məcəlləsinin tələblərinin pozulması halları, hüquq pozuntularının aşkar edilməsi, dəniz nəqliyyatı sahəsində korrupsiya hallarının aradan qaldırılması və şəffaflığın təmin edilməsi, müxtəlif şəxslər, səlahiyyətli orqanların agentləri, o cümlədən, Axtarış və Xilasetmə Agentinin əməkdaşları tərəfindən məlumatların verilməsi məsələləri ətraflı izah edildi, dənizin gəmilərdən çirklənməsi, liman nəzarəti, “Dənizdə əməyə dair” Beynəlxalq Konvensiya üzrə bir sıra praktiki məşğələlər aparıldı.
Seminarda Dövlət Dəniz Administrasiyasının və Administrasiyanın tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin əməkdaşları ilə yanaşı, dənizçilər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və Bakı Dövlət Universitetinin Dəniz və enerji hüququ fakültəsinin magistrantları iştirak ediblər. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olundu.