Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfəri

2090

10 mart 2017-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər edib. Nazir Quluzadə limanın inşasının 1-ci fazasının gedişatı ilə tanış olmuş, qeyd olunan obyektin ölkəmizin qovşaq siyasətinə verə biləcəyi töhfə barədə məlumatlandırılıb.
Bakı Limanının Baş direktoru Taleh Ziyadov qeyd edib ki, Limanın inşasının 1-ci fazasının bitməsi ilə Ələt terminalında yükaşırma qabiliyyəti ildə 14-15 milyon tona yaxınlaşacaq. Eyni zamanda, hər gün limana yan ala biləcək gəmilərin sayı 20-dən artıq olacaq.
Baş direktor Limanda aparılan işlərin cənab Prezident İlham Əliyevin ölkənin Avrasiyanın nəqliyyat və logistika qovşağında (hub) çevirilməsi üçün apardığı inamlı siyasətinin mühüm hissəsi olduğunu qeyd edib. Taleh Ziyadov bildirib ki, hal-hazırda Ələtdə liman daxili və ətrafında qurulan Azad Ticarət Zonasının formalaşması planlı şəkildə aparılır.