İranlı qonaqlara bərələrin körpüyə yan alması, dəmiryolu qatarlarının bərəyə daxil olması prosesləri əyani şəkildə nümayiş etdirilib

478

İran İslam Respublikası Əmirabad Limanında bərə terminalının tikintisi zamanı Azərbaycanın  təcrübəsindən istifadə edəcək. Bu məqsədlə Əmirabad limanının əməkdaşları və podratçı şirkətlərin nümayəndələri Bakı Beynəlxalq Dəniz Ticarət  Limanında olublar. Azərbaycan dənizçiləri ilə geniş fikir mübadiləsi aparan qonaqlara bərə terminalının iş prinsipi və texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib, onların bərə tipli gəmilərin idarə olunması ilə bağlı sualları cavablandırılıb. Həmçinin,  bərələrin körpüyə yan alması, dəmiryolu qatarlarının bərəyə daxil olması və xaric edilməsi prosesləri qonaqlara əyani şəkildə nümayiş etdirilib.

Əmirabad limanının texniki və mühəndis məsələləri üzrə direktor müavini Kamal Abdullahi bildirib ki, Xəzəryanı ölkələr arasında  Azərbaycanın dənizçilik təcrübəsi onlar üçün hər zaman maraqlı olub.  Məhz, bu səbəbdən Əmirabadda bərə terminalının tikintisi zamanı Azərbaycanın təcrübəsinin öyrənilməsinə üstünlük verilib.

Əmirabad bərə terminalının beş ay ərzində tikilməsini qarşılarına məqsəd qoyduqlarını deyən Kamal Abdullahi bu istiqamətdə əməkdaşlığın  davam etdiriləcəyini vurğulayıb.

Xatırladaq ki, Xəzərdə yeganə bərə operatoru olan Gəmiçiliyin donanmasında hazırda 13 tip bərə,  2 tip Ro-Ro gəmisi var. Yaxın günlərdə  isə yeni nəsil Ro-Pax tipli gəmilərin Bakı Gəmiqayırma Zavodunda metal kəsimi baş tutacaq.