“Bulla-dəniz” yatağı üçün yeni platformanın tikintisinə başlanılıb

240

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Bulla-dəniz” yatağı üçün yeni 12 saylı stasionar dəniz özülünün tikintisinə başlanılıb.

“Report” SOCAR-a istinadən xəbər verir ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir.

5 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 30 metr dərinliyində yerləşdiriləcək və 5 dayaq blokunun üzərində yığılacaq. İstehsalat və yaşayış sahələrindən ibarət özül ən müasir qazma avadanlığı, 1 helikopter meydançası, 2 minik meydançası, 2 yanalma meydançası, 1 ədəd məişət bloku, eləcə də digər zəruri avadanlıqla təchiz ediləcək. Ümumi sahəsi 4890 kvadratmetr olacaq özüldə 1 ədəd qülləaltı postament, 2 piyada körpüsü də inşa olunacaq. Hazırda özülün tikintisi üçün tələb olunan metal konstruksiyaların hazırlanmasına başlanılıb. 3 dayaq blokunda və 21 metal lövhədən 11-ndə işlər davam etdirilir. Tikinti işləri təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı müasir tələblərə uyğun həyata keçirilir.

12 saylı stasionar dəniz özülündən qazılacaq quyulardan ümumilikdə gündəlik  2,5 mln. kubmetr qaz və 500 ton kondensat hasil olunacağı gözlənilir.