İtaliyanın aparıcı KİV-ləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə yazırlar

525

İtaliyanın iqtisadi xəbərlər yayan “Teleborsa” agentliyinin saytında “Azərbaycan: Ələtdə yerləşən yeni Bakı Limanı Avrasiya bazarları üçün mərkəz və strateji qovşaq rolunu oynayır” adlı məqalə verilib. Bu məqalə İtaliyanın digər aparıcı kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olub. Belə ki, həmin məqalə “La Repubblica”, “La Stampa”, “Il Messaggero”, “Qui Finanza” kimi aparıcı qəzetlər və xəbər portalları tərəfindən də yayılıb.

Məqalədə Bakı Dəniz Limanının tarixi, yenidən qurulması, strateji əhəmiyyəti və perspektivlərindən bəhs olunur. Qeyd edilir ki, 1902-ci ildə tikilmiş Bakı Dəniz Limanı Qərb və Şərq arasında tarixi İpək yolu, həmçinin Şimali Avropa, Rusiya, Yaxın Şərq və Cənubi Asiyanı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi kimi körpü rolunu oynayır. Dəniz limanının əhəmiyyəti nəzərə alınaraq onun yenidən qurulmasına Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xüsusi diqqət yetirildiyi, iqtisadiyyatın şaxələndirilməsi üçün strateji layihə kimi hökumətin prioritetləri siyahısına daxil edildiyi bildirilir.

Ələt ərazisində limanın yenidən qurulması və genişləndirilməsi haqqında məlumat verilən məqalədə yeni dəniz limanının tikintisinin ilk mərhələsinin 2017-ci ilin sonlarında başa çatacağı və 10-11 milyon ton yük qəbul edəcəyi, tikintinin tam başa çatmasından sonra limanın 25 milyon tona qədər yük və bir milyon konteyner qəbul etmək imkanına malik olacağı bildirilir.

Məqalədə, həmçinin yeni dəniz limanının strateji əhəmiyyətindən, ölkəmiz üçün iqtisadi faydasından bəhs edilərək qeyd olunur ki, liman Avropa və Asiya arasında yerləşməklə və Çin, Rusiya, Türkiyə kimi vacib bazarlara giriş təmin etməklə, Avrasiya regionunda ən əhəmiyyətli ticarət və logistik qovşaq rolunu oynayacaq.

Vurğulanır ki, yeni dəniz limanı əsas Avrasiya bazarlarından çox əlverişli məsafədə yerləşir. Azərbaycan hökuməti tərəfindən irəli sürülən bu layihə Avropa və digər ölkələr ilə qarşılıqlı ticarəti və sərmayə imkanlarını daha da genişləndirmək imkanına malik olacaq.