Dövlət Dəniz Administrasiyası: “Azərbaycan bayrağı altında üzən 135 gəmidə 1522 nöqsan aşkar edilib” – AUDİO

712

Dövlət Dəniz Administrasiyasının tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi ötən dövr üçün hesabatı açıqlayıb. Hesabatda deyilir ki, Azərbaycan bayrağı altında üzən 135 gəmidə aparılan bayraq nəzarəti yoxlaması zamanı ümumilikdə 1522 nöqsan aşkar edilərək aradan qaldırılması təmin edilib. Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Museyibov: “Bu nöqsanlardan 276 – sı “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiya üzrə, 907 – si “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiya üzrə, 63 – ü “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973 – cü il tarixli Beynəlxalq Konvensiya üzrə, 163 – ü “Dənizdə əməyə dair Konvensiya” üzrə, 50 – si “Yük nişanı haqqında” 1966-cı il tarixli Beynəlxalq Konvensiya üzrə, 17 – si “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında” Konvensiya üzrə, 46 – sı isə digər hallar üzrə olub”.

Mətbuat xidmətinin rəhbəri bildirdi ki, xarici bayraq altında üzən 69 gəmidə aparılan Liman nəzarəti yoxlamaları zamanı ümumilikdə 397 nöqsan aşkar edilərək aradan qaldırılıb. Bunlardan 6-sı “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair”, 294-ü “Dənizdə insan həyatının mühafizəsinə dair”, 11-i “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli, 48 – i “Dənizdə əməyə dair”, 25 – i “Yük nişanı haqqında” 1966-cı il tarixli Beynəlxalq Konvensiyalar, 8–i “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında” Konvensiya üzrə, 5–i isə digər nöqsanlar üzrə olub. Aparılan nəzarət yoxlamaları zamanı gəmilərdə dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına və ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqlar səbəbindən ümumilikdə 58 gəminin səfərə çıxmasına icazə verilməyib.

Bunlardan 34 – ü Azərbaycan bayrağı altında üzən, 24 – ü isə xarici bayraq altında üzən gəmilər olub. Ötən dövr ərzində 3892 gəmi jurnalı təsdiq edilərək gəmilərə təhvil verilib”.

Qeyd edək ki, Azərbaycanın ərazi sularında və liman akvatorialarında xarici bayraq altında üzən 1795 gəmiyə bələdçi xidməti göstərilib. Bələdçilər tərəfindən qeyd olunan gəmilərin dəniz kanalları vasitəsi ilə təhlükəsiz olaraq limanlara gəlməsi və limanlardan getməsi təmin olunub. Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən, beynəlxalq səfərlər edərək Azərbaycanın limanlarına gələn və kabotaj səfərlər həyata keçirən gəmilər Lövbər dayanacaqları üçün dəniz rayonlarında lövbər dayanacağı ilə təmin olunurlar və lövbər dayanacağında gəmilərə nəzarət təmin edilir. 1436 xarici bayraq altında üzən gəmi lövbər dayanacağı ilə təmin olunub.