SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzində “SOCAR-POLYMER” MMC şirkətinin əməkdaşları üçün yekun buraxılış imtahanları keçirildi
14 aprel 2017-ci il tarixində TTSİ-nin Sumqayıt Təlim, Tədris Mərkəzində “SOCAR-POLYMER” MMC şirkətinin əməkdaşları üçün yekun buraxılış imtahanları keçirilib. 06 oktyabr 2016-cı il tarixində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi və “SOCAR-POLYMER” MMC şirkəti arasında “Kadr hazırlığı haqqında” bağlanmış müqaviləyə əsasən yeni bir əməkdaşlığın əsası qoyulmuş və “SOCAR-POLYMER” MMC şirkətinin əməkdaşlarının TTSİ-nin 3 təlim mərkəzində (Kadr hazırlığının təşkili mərkəzi, Sumqayıt Təlim, Tədris Mərkəzi və Qobustan Regional Təlim Mərkəzi) 3, 6 və 1 illik kurslarda 5 ixtisas üzrə hazırlanması nəzərdə tutulmuşdur.
Ümumilikdə Sumqayıt Təlim, Tədris Mərkəzində “Aparatçı”, “Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər” və “Elektrik montyoru” peşələri üzrə 33 nəfərin hazırlanması başa çatdırılmışdır. İmtahanlarda iştirak edən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov yekun imtahanların tam obyektiv və şəffaf keçirilməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırmış və gənclərə gələcək karyeralarında müvəffəqiyyətlər arzulamışdır.
TTSİ və “SOCAR-POLYMER” MMC şirkətinin nümayəndələrin iştirakı ilə keçirilən imtahanlar zamanı Sumqayıt Təlim, Tədris Mərkəzində təhsil almış 33 nəfər gənc imtahan komissiyası qarşısında öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Yekun nəticələr onu göstərdi ki, dinləyicilərin hazırlığı çox yüksək səviyyədədir və istehsalatda peşəkar işçi kimi fəaliyyət göstərməyə tam hazırdırlar. Dinləyicilərə bu kurslarda ixtisas fənləri ilə yanaşı ünsiyyət və şəriştəliyinin artırılması məqsədilə texniki ingilis dili kursu da keçirilmişdir.