“Çilov” neft-qaz yatağında instrumental ölçmələr aparılıb

292

Məqdəd səmt qazının həcminin müəyyən edilməsidir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsi tərəfindən Abşeron ərazisində istismarda olan neft-qaz yataqlarında hasil edilən aşağı təzyiqli səmt qazının idarə olunması məqsədi ilə mütəmadi olaraq ekoloji monitorinq və insturmental ölçmə işləri həyata keçirilir.
“Report” SOCAR-a istinadən xəbər verir ki, bu işlərin aparılmasında məqsəd səmt qazının dəqiq həcmini müəyyənləşdirmək və təkrar hasilata qaytarılması üçün təkliflər hazırlamaqdır. Bu günlərdə “Azneft” İB-nin “28 May” NQÇİ-nin istismar etdiyi “Çilov” neft-qaz yatağında növbəti ekoloji monitorinq işləri aparılıb. Yataqda istismarda olan 35 neft quyusunda ölçmə işləri aparılaraq hazırlanmış hesabat “Azneft” İB-nə təqdim olunub. Həmin quyulardan çıxan səmt qazının yığılaraq nəql boru sisteminə qoşulması istiqamətində tədbirlər nəzərdə tutulur. Bu kimi tədbirlərin həyata keçirilməsi SOCAR-ın ekoloji siyasətinin əsas prioritet sahəsidir. Ekologiya İdarəsi tərəfindən SOCAR-ın digər neft-qaz çıxarma müəsissələrində səmt qazı ilə bağlı ekoloji monitorinq və ölçmə işləri davam etdirilir.
Qeyd edək ki, SOCAR 2014-cü ildə Dünya Bankının “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüsünə qoşulub. GGFR təşkilatının bu təşəbbüsünə əsasən, 2030-cü ilədək neft şirkətlərinin normal hasilat prosesində hasil olunan səmt qazının yandırılması və atmosferə atılmasının qarşısını almaq hədəf götürülüb.