Dənizdə gəmilərdə baş vermiş qəza necə araşdırılacaq?-QAYDA

576

DƏNİZ QƏZALARININ ARAŞDIRILMASI SEKTORU

Xarici dövlətin bayrağı altında üzən gəmi ilə baş vermiş qəzanın araşdırılması xərcləri həmin gəmi sahibi tərəfindən ödənilir

Nazirlər Kabineti “Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları”nı təsdiqləyib.

Bu Qaydalar dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyalara, Azərbaycan Respublikasının müvafiq sahədəki qanunvericiliyinə, eləcə də Beynəlxalq Dəniz Təşkilatının qətnamələrinə uyğun olaraq hazırlanıb və dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması qaydalarını müəyyən edir.

Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılmasının məqsədi gəmilərdə baş verən qəzaların başvermə  səbəblərinin müəyyən edilməsindən və gələcəkdə onların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsindən ibarətdir. Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması sübutların toplanılmasını və təhlilini, qəzanın başvermə səbəblərinin müəyyən olunmasını, gələcəkdə belə halların qarşısının alınmasına və dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunmasına dair müvafiq tövsiyələrin hazırlanmasını nəzərdə tutur.

Bu Qaydalar hərbi, hərbi-yardımçı və dövlət tərəfindən qeyri-kommersiya məqsədləri üçün istifadə olunan gəmilərdə, habelə kiçikhəcmli, idman gəmilərində, eləcə də tərsanədə inşa və ya təmirdə olan, dayanacaqda heyətsiz dayanan gəmilərdə baş vermiş qəzaların araşdırılması zamanı tətbiq edilmir. Bu Qaydalar balıqçı torlarının pərlərə dolaşması halları istisna olmaqla, gəmilər tərəfindən balıqçı torlarının zədələnməsi ilə bağlı qəzaların araşdırılmasında tətbiq edilmir. Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması cinayət, inzibati və ya başqa icraat qaydasında aparılan hər hansı bir araşdırmadan asılı olmayaraq həyata keçirilir və qeyd olunan araşdırmaların aparılmasına maneçilik törətmir. Gəmilərdə baş vermiş qəzalar insan ölümünə, gəminin tam məhvinə, dəniz mühitinin ciddi çirklənməsinə səbəb olduqda, qəzaların araşdırılmasının nəticəsinə dair rəy müvafiq istintaq orqanlarına təqdim edilir.

Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması gəminin, hər hansı şəxsin və ya ətraf mühitin təhlükəsizliyinə zərər vurulması niyyəti ilə törədilmiş hərəkətin və ya hərəkətsizliyin istintaqını nəzərdə tutmur. Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılmasında iştirak edən şəxslər gəmilərə, sahildə yerləşən obyektlərə, müəssisələrə və təşkilatlara maneəsiz girmək, hadisələrin şahidi olmuş şəxsləri sorğu etmək hüququna malikdirlər.

Gəminin istismarı ilə bilavasitə əlaqədar olaraq baş vermiş və aşağıda göstərilənlərə səbəb olmuş hadisələr dənizdə gəmilərdə baş vermiş qəza hesab edilir:

– insan ölümünə və ya insan bədəninə ağır xəsarət yetirilməsinə;

– insanın gəmidən itkin düşməsinə;

– gəminin məhvinə və ya gəminin məhvi ehtimalına;

– gəminin tərk edilməsinə;

– gəminin zədələnməsinə;

– gəminin saya oturmasına və ya hərəkət (üzgüçülük) imkanından məhrum olmasına;

– gəminin toqquşmada iştirakına;

– gəmidən kənarda olan dəniz infrastrukturu obyektlərinin, gəminin özünün, başqa gəminin və ya ayrıca şəxsin, yaxud dəniz üzgüçülüyünün təhlükəsizliyini ciddi  təhdid edə biləcək zədələnməsinə;

– gəminin və ya gəmilərin zədələnməsi nəticəsində ətraf mühitə ciddi zərər vurulmasına.

Dənizdə gəmilərdə baş vermiş qəzalar iki növə bölünür:

– dəniz qəzaları – gəminin istismarı ilə bilavasitə əlaqədar olaraq baş vermiş və gəminin tam məhvinə və ya insan ölümünə, yaxud ətraf mühitə ciddi zərər vurulmasına səbəb olmuş dənizdə gəmilərdə baş vermiş qəzalar;

– dəniz hadisəsi (insidenti) – gəminin istismarı ilə bilavasitə əlaqədar olaraq baş vermiş, gəmidəki   şəxslərin və ya hər hansı başqa şəxsin, yaxud ətraf mühitin təhlükəsizliyini təhdid edən və ya qarşısı alınmadıqda təhdid edə biləcək, dəniz qəzası anlayışı ilə əhatə olmayan hadisə və ya hadisələr.

Gəmi kapitanı dəniz qəzaları və ya hadisələrinin araşdırılması başlananadək, bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş ilkin hərəkətləri icra etməlidir. Gəminin kapitanı dənizdə gəmilərdə baş vermiş qəzalar barədə aşağıdakılara dərhal məlumat verməlidir:

– ən yaxın limanın və ya daxil olması planlaşdırılan limanın kapitanına;

– gəminin qeydiyyat limanının kapitanına;

– gəmi sahibinə;

– Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasına (bundan sonra – Administrasiya).

Dənizdə gəmilərdə baş vermiş qəza nəticəsində gəmidə naviqasiya avadanlığı vasitələri (NAV) zədələndikdə, gəminin kapitanı belə zədələnmə haqqında aşağıdakılara dərhal məlumat verməlidir:

– gəmi sahibinə;

– Administrasiyanın Uzaq Məsafədən Tanınma və İzləmə Mərkəzinə;

– akvatoriyasında olduğu Azərbaycan Respublikasının dəniz limanının liman kapitanına.

Dənizdə gəmilərdə baş vermiş qəza haqqında məlumatda aşağıdakılar göstərilir:

– gəminin adı və BDT/İMO nömrəsi;

-gəmi kapitanının soyadı, adı və atasının adı;

– gəmi sahibi və onun identifikasiya nömrəsi (mövcud olduqda);

– gəmi sahibinin ünvanı, telefon və faks nömrələri;

– gəminin qeydiyyat limanı (yeri);

– gəminin inşa ili;

– qəzanın başvermə tarixi və vaxtı;

– qəzanın baş verdiyi yer (liman, körpü, boğaz, körfəz, reyd, daxili sular, ərazi suları, açıq dəniz);

–  baş vermiş qəzanın coğrafi koordinatları;

– gəminin olduğu yerin coğrafi koordinatları;

– baş vermiş qəzanın qısa təsviri;

– məlumatın tərtib edildiyi tarix.

Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmi xarici dövlətin ərazi və daxili sularında olduğu zaman qəza baş verdikdə, gəmi kapitanı tərəfindən həmin dövlətin xilasetmə koordinasiya mərkəzinə və yaxınlıqda yerləşən Azərbaycan Respublikasının konsulluğuna məlumat verilməlidir.  Baş vermiş qəza haqqında məlumatı gəmi kapitanı imzalayır.

 

Qəzanın baş verdiyi gəminin kapitanı aşağıdakıları həyata keçirir:

– baş vermiş qəza haqqında aktı  təsdiq edir;

– şahidlərdən və aidiyyəti şəxslərdən izahat alınmasını və sorğu protokollarının tərtib edilməsini (şahidlər və aidiyyəti şəxslər ayrı-ayrılıqda sorğu edilirlər) təşkil edir;

– baş vermiş qəza haqqında Administrasiya rəisinə ünvanlanmış ərizəni  tərtib edir;

– baş vermiş qəza haqqında ətraflı məlumatı tərtib edir;

– gəmi jurnallarından çıxarışları, naviqasiya keçidi xəritələrini, manevretmə, toqquşma planlarını, sxemlərini, gəmilərin təsnifat cəmiyyətlərinin aktlarını, gəmi sənədlərini, manevr elementlərinin cədvəllərinin surətlərini, qəzanın sxematik çertyojunu, zədələnmə çertyojlarını, sorğu protokollarını, radioqramları, teleksləri, arayışları, baxış aktlarını, dərinlik planşetlərini, yedək troslarının quraşdırılması sxemlərini, laboratoriya analizlərini, texniki ekspertizaların nəticələrini, fotoşəkilləri və dənizdə gəmilərdə qəzanın baş verməsini təsdiq edən digər sənədləri hazırlayır.

Dənizdə gəmilərdə baş vermiş qəza haqqında aktda aşağıdakılar göstərilir:

– aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı və atasının adı;

– baş vermiş qəzanın növü, yeri və tarixi;

– gəminin zədələrinin ətraflı təsviri.

Dənizdə gəmilərdə baş vermiş qəza haqqında akt həmin aktı tərtib etmiş şəxslər tərəfindən imzalanır. Akta zərərçəkən şəxslərin, itirilmiş və (və ya) korlanmış yükün, əmlakın, inventarın, avadanlığın, ləvazimatın siyahısı, radioqramların surətləri və s. əlavə edilir.

Şahidlərin və aidiyyəti şəxslərin sorğu protokollarında aşağıdakılar göstərilir:

– sorğunun aparılma vaxtı və tarixi (saat, gün, ay və il);

– sorğu olunanın iş stajı, o cümlədən ixtisas üzrə həmin gəmidə sonuncu vəzifədə iş stajı;

– sorğu olunanın ixtisas təhsili (tədris müəssisəsinin adı və bitirilmə tarixi);

– sorğu olunanın diplomu üzrə ixtisası (diplomun adı və nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir);

– sorğu olunan şəxsin ev ünvanı;

– sorğunun gedişində verilmiş suallar və alınmış cavablar;

– sorğu aparan şəxsin soyadı, adı, atasının adı və vəzifəsi.

Sorğu protokolunun hər bir vərəqi sorğu olunan və sorğunu aparan şəxs tərəfindən imzalanmalıdır. Dənizdə gəmilərdə baş vermiş qəza haqqında ərizədə aşağıdakılar göstərilir:

– gəminin adı və BDT/İMO nömrəsi;

– gəmi kapitanının soyadı, adı və atasının adı;

– gəminin sahibi və onun identifikasiya nömrəsi (mövcud olduqda);

– qəzanın qısa təsviri;

– qəzanın iştirakçıları haqqında məlumatlar;

– qəzanın başvermə yeri, tarixi və vaxtı;

– ərizənin tərtib edilmə tarixi.

Gəmi kapitanı gəminin və ya onun heyət üzvlərinin Azərbaycan Respublikasının birinci dəniz limanına gəlməsindən sonra 24 (iyirmi dörd) saat müddətində dəniz limanı kapitanına bu Qaydalarda göstərilmiş sənədləri təqdim etməlidir.  Liman kapitanı gəmi kapitanından alınmış sənədləri 24 (iyirmi dörd) saat müddətində Administrasiyaya təqdim edir. Administrasiyada təqdim edilmiş sənədlər əsasında 3 (üç) gün müddətində bu Qaydaların 1.11-ci bəndinə uyğun olaraq, dənizdə gəmilərdə baş vermiş qəzanın dəniz qəzası və ya dəniz hadisəsi (insidenti) olması müəyyən edilir və qeydiyyatı aparılır. Dənizdə gəmilərdə baş vermiş qəzanın dəniz hadisəsi (insidenti) olması müəyyən edildikdə, təqdim edilmiş sənədlər Administrasiyanın qərarı əsasında, araşdırma aparılması üçün liman kapitanına qaytarılır. Liman kapitanı 30 (otuz) iş günü müddətində araşdırmanı aparır, dəniz hadisəsinin (insidentinin) araşdırılması haqqında rəyi tərtib və təsdiq edir, zəruri sənədlərlə birlikdə gəmi sahibinə və Administrasiyaya göndərir.

Dəniz qəzalarının araşdırılmasını Administrasiya tərəfindən yaradılmış və müvafiq liman kapitanının da üzvü olduğu komissiya araşdırma planına uyğun olaraq aparır. Dəniz qəzasının araşdırılmasının müddəti qəzanın qeydiyyata alındığı andan etibarən hesablanır və  30 (otuz) iş günü təşkil edir. Dəniz qəzasının araşdırılması haqqında rəy tərtib edilir və Administrasiyanın rəisi tərəfindən təsdiq edildikdən sonra həmin rəy gəmi sahibinə və gəmi kapitanına təqdim edilir. Araşdırmanı aparan komissiyanın və ya liman kapitanının əsaslandırılmış təqdimatı əsasında Administrasiya tərəfindən araşdırma müddəti 20 (iyirmi) iş günündən artıq olmayaraq artırıla bilər. Qəzaya uğramış gəminin istismarının davam etdirilməsi mümkün olduqda, araşdırma  müddətində gəminin istismarına yol verilir.

Araşdırma zamanı komissiya (komissiya üzvləri) və ya liman kapitanı:

– dəniz qəzasına, yaxud hadisəsinə (insidentinə) aidiyyəti olan hər hansı məlumatı tələb edir;

– zəruri laborator analizlərinin və ya ekspertizalarının aparılmasını təyin edir;

– toplanmış materialları təhlil edir;

– dəniz qəzasının, yaxud hadisəsinin (insidentinin) hallarını tədqiq edir;

-. dəniz qəzasına, yaxud hadisəsinə (insidentinə) aidiyyəti olan faktları müəyyən edir;

– müəyyən olunmuş faktlar əsasında şahidlərin və aidiyyəti şəxslərin hərəkət və ya hərəkətsizliyini qiymətləndirir;

– şahidləri və aidiyyəti olan şəxsləri sorğu edir;

– faktlar əsasında dəniz qəzasının və ya hadisəsinin (insidentinin) səbəblərini, eləcə də ticarət gəmiçiliyi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin, müsbət dənizçilik təcrübəsinin, texniki istismar və üzgüçülük qaydalarının tələblərinə riayət olunub-olunmamasını müəyyən edir;

– gələcəkdə dənizdə belə qəzaların və ya hadisələrin (insidentlərin) qarşısının alınmasına dair təkliflər işləyib hazırlayır.

Araşdırmanı aparan komissiya və ya liman kapitanı dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması zamanı laborator və digər analizlərin, yaxud ekspertizaların  aparılması üçün mütəxəssisləri cəlb etmək, vəzifəli şəxslərdən, gəmilərin hərəkətini idarəetmə sistemlərinin və dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsinin digər sistemlərinin sahiblərindən, mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlardan arayış və məlumat tələb etmək hüququna malikdir. Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması zamanı mütəxəssislərin cəlb edilməsi, habelə analiz və ekspertizaların aparılması ilə bağlı xərcləri gəmi sahibi ödəyir. Dənizdə gəmilərdə baş vermiş qəza nəticəsində dəymiş zərərin həcminin qiymətləndirilməsi üçün  gəmi kapitanı aşağıdakı əlavə sənədləri araşdırma aparan komissiya və ya liman kapitanına təqdim etməyə borcludur:

– dalğıc baxışı aktını;

– tərsanə baxışı aktını;

– sürveyer baxışı aktını;

– gəmilərin təsnifat cəmiyyətlərinin baxış aktını;

– zədələrin fotoşəkillərini;

– digər sənədləri.

– Təqdim edilmiş sənədlər  əsasında aşağıda qeyd olunanlar  müəyyən edilir:

– dəniz qəzasının və ya hadisəsinin (insidentinin) başvermə səbəbi və şəraiti;

– dəniz qəzası və ya hadisəsi (insidenti) ilə bağlı dəymiş zərərin həcmi.

– Dəniz hadisəsinin (insidentinin) və dəniz qəzasının araşdırılması haqqında rəylərdə aşağıdakı məlumatlar əks etdirilir:

– araşdırmanın tarixi və yeri;

– komissiya üzvlərinin və ya gəmi kapitanının soyadı, adı və atasının adı;

– gəminin səfəri (çıxdığı liman, gəldiyi liman);

– dəniz qəzasının növü (toqquşma, sayaoturma, konstruksiyanın zədələnməsi, çirklənmə və s.) və ya hadisənin (insidentin) növü;

– dəniz qəzasının və ya hadisənin (insidentin) başvermə tarixi və vaxtı (gün, ay, il, saat, dəqiqə);

– dəniz qəzasının və ya hadisənin (insidentin) başvermə yeri (liman, kanal, boğaz, körfəz, dəniz, okean, koordinatlar);

– gəmi haqqında məlumatlar (adı, bayrağı, gəminin BDT/İMO nömrəsi, qeydiyyat limanı (yeri) və qeydiyyat nömrəsi, gəmi sahibi və onun identifikasiya nömrəsi (mövcud olduqda), ünvanı, inşa yeri və ili, ən böyük ölçüləri, tutumu (ümumi/xalis), gəminin energetik qurğusunun növü və gücü, avar pərlərinin sayı və quruluşu, sükanın konstruksiyası, tam gediş sürəti (manevr/dəniz mili ilə), hadisə (insident) anında suya oturumu (burun, arxa, orta hissə), sərnişinlərin sayı, yükün sayı, növü və anbarlar üzrə yerləşdirilməsi, heyət üzvlərinin sayı, xilasetmə vasitələrinin ştat dəsti, radiostansiyanın gücü və əhatə radiusu, elektrik radionaviqasiyası cihazları, suaxıdıcı vasitələrin sayı və gücü, yanğından mühafizə vasitələri, gəminin buzgücləndirmə kateqoriyası);

– gəminin və gəmiçilik şirkətinin sonuncu şəhadətləndirilməsini həyata keçirən və təsnifat şəhadətnaməsini və konvension sənədləri təqdim edən təsnifat cəmiyyəti barədə məlumatlar;

– üzməyə yararlılıq haqqında şəhadətnamənin son etibarlılıq tarixi;

– təsnifat şəhadətnaməsinin son etibarlılıq tarixi;

– Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə uyğun olaraq, gəmiyə verilmiş sənədlərin siyahısı və son etibarlılıq tarixi;

– dəniz qəzasının və ya dəniz  hadisəsinin (insidentinin) təsviri;

– dəniz qəzasının və ya dəniz hadisəsinin (insidentinin) nəticələri – qəza təmirinin aparılması ilə əlaqədar gəminin boş dayanması (saat və ya sutka ərzində) gövdənin, mexanizmlərin, sistemlərin, qurğuların, avadanlığın, yükün və s. zədələnməsi, insanlar üçün təhlükə, dəniz infrastrukturu obyektlərinin zədələnməsi, ətraf mühitin çirklənməsi (dəniz qəzasına münasibətdə, eləcə də insanların ölümü və ya itkin düşməsi, yükün itirilməsi, gəminin məhvi);

– dəniz qəzasına və ya dəniz hadisəsinə  (insidentinə) aidiyyəti olan şəxslər haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, vəzifəsi, təhsili (hansı təhsil müəssisəsini və nə vaxt bitirmişdir), iş stajı (dəniz nəqliyyatında cəmi; sonuncu vəzifədə), diplomu, şəhadətnaməsi, hadisənin baş verməsində iştirak səviyyəsinə dair məlumat);

–  dəniz qəzasının və ya hadisəsinin (insidentinin) başvermə səbəbi və şəraiti;

– dəniz qəzasına və ya hadisəsinə (insidentinə) aidiyyəti olması müəyyən edilmiş faktlar;

– gəminin, onun heyət üzvlərinin, təchizatının və ya avadanlığının, yaxud dəniz üzgüçülüyünün təhlükəsizliyinin sahil təminatı sistemlərinin ticarət gəmiçiliyi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin tələblərinə uyğunsuzluğu;

– dəniz qəzasının və ya hadisəsinin (insidentinin) nəticələri;

– xarici amillərin təsiri, psixoloji durumu, yorğunluq dərəcəsi nəzərə alınmaqla, dəniz qəzasına və ya hadisəsinə (insidentinə) aidiyyəti olan şəxslərin hərəkətlərinin qiymətləndirilməsi;

– kimin tərəfindən hansı tələblərin pozulduğu göstərilməklə, hərəkət və ya hərəkətsizliyi dəniz qəzasına və ya hadisəsinə (insidentinə) səbəb olmuş və ya təkan vermiş şəxslərin siyahısı;

– gələcəkdə dənizdə belə qəzaların və ya hadisələrin (insidentlərin) qarşısının alınmasına dair tövsiyələr.

Dəniz qəzasının və ya hadisəsinin (insidentinin) araşdırılmasının nəticəsinə dair rəylərə bu Qaydalarda göstərilən sənədlər əlavə olunur.  Dəniz qəzasının və ya hadisəsinin (insidentinin) araşdırılmasının nəticəsinə dair rəyin surəti Administrasiyada kağız və elektron daşıyıcılarda saxlanılır və qəza halları barədə məlumatlar Qəza Hallarının Qeydiyyatı Elektron Məlumat Bazasına daxil edilir. Gəmi sahibi dəniz qəzasının və ya hadisəsinin (insidentinin) araşdırılmasının nəticəsinə dair rəylə razılaşmadıqda, rəyi aldıqdan sonra 10 (on) iş günü müddətində Administrasiyaya və ya məhkəməyə şikayət etmək hüququna malikdir. Dəniz qəzasının və ya hadisəsinin (insidentinin) araşdırılmasının nəticəsinə dair rəydən verilmiş şikayətə Administrasiyada 14 (on dörd) iş günü müddətində baxılır və aşağıdakı qərarlardan biri qəbul edilir:

– rəy təsdiq edilir;

– əlavə araşdırma təyin edilir;

– müstəqil ekspertlərin və gəmi sahibinin nümayəndəsinin iştirakı ilə komissiya yaradılaraq təkrar araşdırma təyin olunur.

– Qəbul edilmiş qərar barədə gəmi sahibinə məlumat verilir.

Gəmi sahibi yekun qərarı aldıqdan sonra 30 (otuz) gün müddətində gələcəkdə dənizdə belə halların baş verməsinin qarşısının alınması üzrə tədbirlər həyata keçirməli və bu barədə Administrasiyaya, eləcə də gəminin və gəmi sahibinin “Əmniyyətli İdarəetmə üzrə Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğunun yoxlanılmasını həyata keçirmiş təşkilata məlumat verməlidir. Administrasiya Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin sahibləri tərəfindən araşdırmaların nəticələrinə əsasən qəbul edilmiş qərarların icra olunmasına nəzarət edir və bu qərarların təxirə salınmadan icrasını tələb etmək hüququna malikdir. Baş vermiş dəniz qəzası və ya hadisəsi (insidenti) ilə bağlı araşdırmanın aparılması  gəmi kapitanını qanunvericiliklə müəyyən olunmuş qaydada dəniz protesti vermək vəzifəsindən azad etmir.

 

Azərbaycan Respublikasının ərazi və daxili sularında xarici dövlətin bayrağı altında üzən gəmilərdə baş vermiş qəzalar bu Qaydaların və “Dəniz qəzasının, yaxud hadisəsinin (insidentinin) araşdırılmasına dair tövsiyə edilən təcrübə və Beynəlxalq Standartlar Məcəlləsi”nin (Beynəlxalq Dənizçilik Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin MSC 255 (84) Qətnaməsi) tələblərinə uyğun olaraq araşdırılır, araşdırmanın nəticəsinə dair rəy həmin tələblər nəzərə alınmaqla tərtib edilir və ingilis dilinə tərcümə olunur. Administrasiya tərəfindən Azərbaycan Respublikasının ərazi və daxili sularında xarici dövlətin bayrağı altında üzən gəmilərdə baş vermiş qəzalar barədə gəminin bayrağı altında üzdüyü dövlətin səlahiyyətli qurumuna dərhal məlumat verilməlidir. Xarici bayraq altında üzən gəminin və gəminin bayrağı altında üzdüyü dövlətin səlahiyyətli qurumunun nümayəndəsinin “Dəniz qəzasının, yaxud hadisəsinin (insidentinin) araşdırılmasına dair tövsiyə edilən təcrübə və Beynəlxalq Standartlar Məcəlləsi”ndə (Beynəlxalq Dənizçilik Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin MSC 255 (84) Qətnaməsi) nəzərdə tutulmuş qaydada qəza hallarının araşdırılmasında iştirak etmək hüququ vardır.

Xarici dövlətin bayrağı altında üzən gəminin sahibi və gəminin bayrağı altında üzdüyü dövlətin səlahiyyətli qurumu qəzanın araşdırılmasının nəticəsinə dair rəyin alındığı gündən 2 (iki) ay müddətində Administrasiyaya və ya məhkəməyə şikayət edə bilər. Xarici dövlətin bayrağı altında üzən gəmi ilə baş vermiş qəzanın araşdırılması xərcləri həmin gəmi sahibi tərəfindən ödənilir.

 

Administrasiya qəzanın qeydiyyatını aparır, dənizdə gəmilərdə baş vermiş qəzaların elektron məlumat bazasını yaradır, qəzaların səbəblərini ümumiləşdirir, belə halların qarşısının alınmasına dair tövsiyələr işləyib hazırlayır və həmin tövsiyələrin fəaliyyətlərində nəzərə alınması məqsədi ilə gəmi sahiblərinə və heyət üzvlərinə, dəniz limanlarının kapitanlarına, digər maraqlı orqan və təşkilatlara göndərir. Administrasiya dənizdə gəmilərdə baş vermiş qəzalar barədə məlumatların Beynəlxalq Dəniz Təşkilatına təqdim olunması məqsədi ilə müvafiq tədbirlərin görülməsini təmin edir.

 

ƏLAQƏ

Ünvan: AZ1003, Bakı şəhəri, Xanlar küçəsi 2B
Telefon:(+99412) 497 44 05 (daxili: 123)
(+99477) 720 1 720 (24 saat)
Faks:     (+99412) 497 44 06
E-mail: mcib@ardda.gov.az

https://denizxeber.az/ardda.gov.az/?page_id=4941