Qırmızı dəniz
Ecazkar sualtı “bağlar”, batmış gəmilər və dünyanın ən nadir balıqları ilə zəngin Qırmızı dəniz. Görəsən, suları mavi olan bu dənizi Qırmızı adlandırmaq, şəffaf sularını “şorlaşdırmaq” fikri kimin ağlına gəlib.
25 milyon ildən əvvəl yerin altında baş verən silkələnmə nəticəsində Afrika qitəsi və Ərəbistan yarımadası arasında çat əmələ gəlib. Getdikcə böyüyən və genişlənən çatın yerində zaman keçdikcə yarğan yaranıb.
O vaxtdan minilliklər ötüb. Yarğan dəniz suyu ilə dolaraq dünyada ən duzlu suya malik dənizə çevrilib. Bu dənizi Qırmızı dəniz adlandırsalar da, onun suyu şəffaf və mavidir. Görəsən, hansı zarafatcıl adam ona bu adı verib?

Fikirlər haçalanır. Bəziləri hesab edir ki, bu səhvən baş verib: qədim əlyazmaları düzgün oxumayıblar. Digərləri bildirirlər ki, heç bir səhv olmayıb. Sadəcə, qədim insanlar dünyanın cəhətlərini müəyyən rənglərlə işarə ediblər: cənub qırmızı, şimal qara rənglə işarələnib. Buna görə də cənubda yerləşən dənizi Qırmızı, şimala doğru uzanan dənizi isə Qara adlandırıblar. Alimlər bildirirlər ki, Qırmızı dəniz artım dövründə dənizin sularını qırmızı-qəhvəyi rəngə boyayan yosunlara görə belə adlandırılıb.
Tarixçilər və tədqiqatçılar isə hesab edirlər ki, Qırmızı dənizə bu adı qədim zamanlarda dənizçilər veriblər. Bu, dənizin sahilində yerləşən qırmızı qayalar üzündən baş verib. Qırmızı qayaların rənginin dənizin sularında əks olunması insanları elə valeh edib ki, səyyahlar onu Qırmızı dəniz adlandırıblar.
Belə bir fakt da maraqlıdır ki, yalnız avropalılar onu Qırmızı dəniz adlandırırlar, İvrit dilində Qırmızı dəniz Yam Suf adlanır ki, bu da “qamışlıq” deməkdir. Misirlilər isə sahillərində yaşadıqları bu dənizi Vazi-Vr adlandırırlar ki, bu da “yaşıl genişlik” deməkdir.

Qırmızı dənizin sahilləri, demək olar, bir-birindən fərqlənmir. Lakin maska geyinib suyun altında nələr baş verdiyinə diqqətlə baxanda, tamamilə başqa mənzərə açılır. Dənizin dibində mərcanlar kol şəklində çiçəkləyir, onların arasında, nəhəng akvariumda olduğu kimi rəngbərəng balıqlar və meduzalar üzür.
Maska ilə üzəndə yanından tutuquşu-balıqlar, mələk-balıqlar və ya kloun-balıqlar ötüb keçir. Dənizin dibində qorxunc murenalar qıvrılır, dəniz kirpiləri gizlənir.
Qırmızı dənizin bütün sakinlərini sadalamaqla bitməz. Burada təqribən min balıq növü yaşayır. Özü də onların 20 faizi nadir balıqlar sayılır. Bu balıqlara yalnız Qırmızı dənizdə təsadüf olunur.
Suyun altında “batmış gəmilər muzeyini” görmək olar. Doğrudur, bu muzeyə yalnız dalğıclar və dayverlər tamaşa edirlər. İkinci dünya müharibəsi illərində alman bombardmançı təyyarələri tərəfindən partladılaraq batırılmış ingilis yük gəmisi “Tistleqorm” (”mavi qanqal”) ən maraqlı eksponatlardan biri sayılır.

Qırmızı dənizin dibini tədqiq edən okeanoloqlar onun daha bir xüsusiyyətini aşkar ediblər. Dənizin bəzi çökək yerlərində su öz rəngini və temperaturunu dəyişir, +61 dərəcəyədək qızır, onun duzluluğu isə artaraq bir litr üçün 256 qrama çatır. Bu yeraltı gölləri təsadüfən “qaynar şoraba” adlandırmırlar.