Bu il “Bahar” və “Qum-dəniz” yataqları üzrə planlar açıqlanıb

426

Greenfields Petroleum Corporation” şirkəti 2017-ci ildə Azərbaycandakı “Bahar” qaz yatağı və “Qum-dəniz” neft yatağı üzrə xərclərini Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təqdim edib.

“Report” “Greenfields Petroleum” şirkətinə istinadən xəbər verir ki, bu il üçün bu blok üzrə əsaslı xərclər 21 mln. ABŞ dolları, əməliyyat xərcləri isə 28 mln. dollar nəzərdə tutulub.

Əsaslı xərclər və əməliyyat xərclərinin böyük hissəsi “Bahar” yatağında 13, “Qum-dəniz” yatağında isə 20 quyuya yönəldiləcək.

Builki xərclərə eyni zamanda, “Bahar” yatağında 5, “Qum-dəniz” yatağında 2 özülün təmiri ilə bağlı məsrəflər daxildir.

Bu il qaz hasilatının artırılması nəzərdə tutulub. Belə ki, ötən ilin dekabr ayındakı gündəlik 4 185 barel neft ekvivalenti ilə müqayisədə 2017-ci ildə təxminən 6 444 barel neft ekvivalentində qaz hasilatı proqnozlaşdırılır.