Gəmiçiliyin rəhbərliyi Odessada işgüzar səfərdə olub

1562

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti,Mətbuat xidmətinin məlumatı. 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC beynəlxalq əlaqələrini genişləndirir. Gəmiçiliyin rəhbərliyinin Ukraynaya işgüzar səfərində bu istiqamətdə bir neçə görüş keçirilib.

“AXDG” QSC-nin sədri Rauf Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti əvvəlcə  Odessa şəhərindəki “Çernomorsk” Dəniz Ticarət Limanında olub. Limanın direktoru Sergey Krıjanovskiy bərə-kompleksinin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, 221 hektar ərazidə yerləşən liman gün ərzində 1960 vaqon, 7 minə yaxın  iri və  kiçik həcmli avtomobilləri  qəbul etmək imkanına malikdir. Yükaşırma müəssisəsindəki  27 körpüdən 24-ü yük, 3-ü isə köməkçi körpüdür. Bunula belə liman bütün növ yükləri qəbul etmək iqtidarındadır.  Sergey Krıjanovskiy azərbaycanlı dənizçilərlə əməkdaşlığa böyük önəm verildiyini və bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

Gəmiçiliyin rəhbəri Rauf Vəliyev ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yaradılan “AXDG” QSC haqqında Sergey Krıjanovskiyə məlumat verərkən bildirib ki, 2 donanmanın birləşdirilməsi əsasında təşkil olunan Gəmiçilik unikallığı ilə də fərqlənir. Rauf Vəliyev qeyd edib ki, Gəmiçilik donanmasının müasir gəmilərlə yenilənməsinə xüsusi diqqət yetirir.   Ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə əlaqədar Xəzər dənizi üzərindən artması gözlənilən yükdaşıma həcmlərinin qarşılanması üçün yaxınlarda daha dörd gəminin-vaqon-TIR və sərnişin daşınması üçün nəzərdə tutulan yeni nəsil iki unikal Ro-Pax/Bərə və iki tankerin tikintisi üzrə sifariş verilib.

Hazırda Qara və Aralıq dənizlərində Azərbaycan bayrağı altında 10 gəminin üzdüyünü bildirən Gəmiçiliyin rəhbəri bu rəqəmin artırılması üzərində iş getdiyini də əlavə edib. Azərbaycanın tranzit imkanları barədə danışarkən Rauf Vəliyev qeyd edib ki, ölkəmiz Ukrayna ilə tranzit sahəsində də əməkdaşlıq edir və əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var.

Görüşdə Azərbaycanın tranzit potensialından istifadə etməklə Ukraynanın İran və Mərkəzi Asiya bazarlarına çıxmaq imkanlarına toxunulub, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Ukrayna üçün əhəmiyyəti, bu sahədə vahid tarif siyasətinin tətbiqinin vacibliyi vurğulanıb. Bu barədə iki dost dövlət arasında ən yüksək səviyyədə danışıqlar olub. Limanın və bərə kompleksinin imkanlarına yüksək qiymət verən Rauf Vəliyev birgə  uğurlu  əməkdaşlığa ümudvar olduğunu bildirib.

Gəmiçiliyin nümayəndə heyəti Odessaya səfəri zamanı bir neçə bərə operatorunun nümayəndəsi ilə də görüşüb. Görüşlərdə yükdaşımalar üzrə  ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.