“TransCaspian 2017” sərgisi: ən yaxşı nəqliyyat infrastrukturu layihələri

201

Aprelin 26, Bakı Ekspo Mərkəzində 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica” 2017 sərgisinin açılış mərasimi keçirildi. Dəmiryol sektoru, dənizçilik sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat və nəqliyyat-loqistika xidmətləri sahəsində əsas dövlət strukturları ilə yanaşı, kommersiya təşkilatlarını da bir araya toplayan “TransCaspian/Translogistica” sərgisi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbiridir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun böyük britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə qeyd etdi ki, ölkə rəhbərliyi respublikanın nəqliyyat sektoruna böyük diqqət göstərir. Müasir texnologiyaların geniş tətbiqi sayəsində Azərbaycanın nəqliyyat infrastrukturu gündən-günə genişlənərək inkişaf edir. Xəzər Dəniz Limanının inşası və burada azad iqtisadi zonanın yaradılması ölkəyə böyük investisiyaların cəlb edilməsi üçün şərait yaradır.

Hər il bu ixtisaslaşmış sərginin keçirilməsi Azərbaycanın Qərb ilə Şərq arasında nəqliyyat qovşağı kimi oynadığı mühüm rolu nümayiş etdirir ki, bu da beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə və işgüzar fəallığın artmasına müsbət təsir edir.

Açılış mərasimində çıxış edən “ITE Group ” şirkətinin icraçı direktoru cənab Edvard Stroon Azərbaycanda keçirilən beynəlxalq sərgilər arasında layiqli yer alan ənənəvi “TransCaspian” sərgisinin əhəmiyyətini qeyd edərək Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Dövlət Dəniz Administrasiyası və “TRACECA” layihəsinə öz dərin minnətdarlığını bildirdi və sərgi iştirakçılarına faydalı iş arzuladı.

Bu il “TransCaspian/Translogistica” sərgisində dünyanın 14 ölkəsini – Azərbaycan, Avstriya, Belarus, Böyük Britaniya, Gürcüstan, Litva, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 88 şirkət iştirak edir. Yeni şirkətlər sərgi iştirakçılarının 30%-ni təşkil edirlər. Bu il sərgidə debüt edəcək şirkətlər arasında “PTK”, “ASFIL” şirkətlər qrupuna daxil olan müəssisələr, Minsk Vaqon Təmiri Zavodu və digərləri var.

“TransCaspian/Translogistica 2017” sərgisi kommersiya şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası, “Ukrzaliznytsa” Ukrayna Dəmir Yolları şirkəti, “Həştərxan Dəniz Limanı” QSC və digər bu kimi dövlət nəqliyyat strukturlarını bir araya toplayıb.

Sərgidə nəqliyyat sahəsi üzrə məhsul və xidmətlərin geniş çeşidi təqdim olunur. “Yükdaşımaları və Loqistika” sektorunda yük sahiblərinə yüklərin dəmiryol və dəniz vasitəsi ilə daşınması üçün optimal variantlar təklif olunur. “Dənizçilik sənayesi” sektoru çərçivəsində çoxfunksiyalı qəza-xilasetmə gəmiləri, qayıq və çoxtəyinatlı sürət katerlərinin modelləri, eləcə də dəniz və çay gəmilərinin layihələndirilməsi, modernləşdirilməsi və yenidən təchiz olunması, habelə konversiya üzrə mühəndislik təminatı, ponton, yanalma körpüsü və yaxta limanlarının istifadəyə hazır şəkildə tikintisi təklif edilir. Bu sektorda Türkiyə Gəmiqayırma Şirkətləri Assosiasiyası da iştirak edir. Ənənəvi “Dəmiryol infrastrukturu və Hərəkət heyəti” sektorunda lokomotiv və vaqon modelləri, dəmiryol nəqliyyatının təmir və istehsalı üzrə xidmətlər, eləcə də avtomatik idarəetmə məhsulları, yanacaq sərfiyyatının qeydiyyat sistemi və lokomotiv dizelinin avtomatik buraxılması və dayandırılması, habelə diaqnostika üçün texnoloji avadanlıqlar təklif olunur.

“TransCaspian/Translogistica 2017” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstəklənir. Sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən rəsmi olaraq dəstəklənir.

“TransCaspian/Translogistica” sərgisi ilə eyni platformada oxşar sektor üzrə daha iki sərgi: 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic 2017” və 4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2017” sərgiləri keçirilir.

İxtisaslaşdırılmış “CIBS 2017” sərgisi katerlər, yaxtalar, müxtəlif növ dəniz avadanlıqları, yaxt-klublar, su idmanı və su nəqliyyatının istehsalçı və distributorlarını birləşdirir. Bu ilin sərgi iştirakçılarının arasında  “Laky Verf” (Rusiya), “Nevskiy Gəmiqayırma Zavodu” (Rusiya), ASC “RİF” (Rusiya), Yachting 2000 (Avstriya) şirkətləri var.

Beləliklə, “CIBS 2017” sərgisi su-motor bazarına çıxış, bazardakı mövqeyin möhkəmləndirilməsi, mövcud işgüzar əlaqələrin daha da yaxşılaşdırılması, yeni əlaqələrin qurulması, distributorlarla əməkdaşlıq və müştəri bazasının genişləndirilməsi üçün perspektivli və səmərəli vasitədir.

“Road&Traffic 2017” sərgisinin məqsədi yol, körpü və tunellərin tikintisi və layihələndirilməsi sahəsində əldə olunan ən son nailiyyətlərin təqdimatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi, ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü üçün şərait yaradılması və yol hərəkətinin təhlükəsizliyi sahəsində problemlərin həlli yollarının inkişaf etdirilməsidir.

Sərgi regionun aparıcı yol-inşaat şirkətlərinin rəhbər və mütəxəssisləri ilə görüşlər keçirmək üçün ideal şərait yaradır və ənənəvi olaraq, bu sənaye sahəsi üzrə yeni məhsulları nümayiş etdirir. Onların arasında yolların işıqlandırılması üçün “Urban” və “Kordoba” məhsulları, eləcə də “Novoplast-praymer” qruntu təqdim olunur. Bu il ilk dəfə olaraq sərgidə Bakı Nəqliyyat Agentliyi də iştirak edir.