“Azərbaycan” gəmi-bərəsi istismara hazırdı

471
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti,Mətbuat xidmətinin məlumatı.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nəqliyyat donanmasına aid “Azərbaycan” gəmi bərəsi tərsanədən endirilib. “Zığ” Gəmi Təmiri Zavodunda iki aya yaxın davam edən tərsanə işləri zamanı gəmi-bərənin sualtı hissəsi təmizlənərək rənglənib, sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, kinqston qutuları, klinketləri tam təmir olunub.

Bununla yanaşı, təmirçilər “Azərbaycan” gəmi-bərəsinin istismarı üçün tərsanə təmirindən əlavə zəruri hesab edilən digər işləri də keyfiyyətlə yerinə yetiriblər. Belə ki, üzən nəqliyyat vasitəsinin qəza dizel generatoru, müxtəlif təyinatli su, yağ və yanacaq nasosları və onların elektrik mühərrikləri, hər iki baş mühərriki, üç ədəd köməkçi mühərriki genoratorlarla birgə təmir olunub.

Bundan başqa, üç ədəd nasos və hava kompressoru yenisi ilə əvəzlənib, baş və köməkçi mühərrikləri, digər qurğu və avadanlıqların avtomatik idarəetmə, qorunma və siqnal sistemləri nizamlanıb. Məişət su, yağ və yanacaq sistemlərində borular da təmir olunub.

Dənizçilərin məişət rahatlığı üçün kayutlarda qapı, divan, şkaf dolabları və stolların təmiri həyata keçirilib. Ümumgəmi işıqlandırma sistemində də lazimi işlər görülüb. Gəmi gövdəsinin suüstü hissəsi , vaqon və avtomobil göyərtəsi, tüstü boruları, dəhlizlər, tamburlar və s. təmizlənərək rənglənib.

Xatırladaq ki, “Azərbaycan” gəmi-bərəsi 1985-ci ildə inşa edilib. Uzunluğu 154, eni 18 metr olan gəmi 2425 ton yükgötürmə qabiliyyətinə malikdir.

Onu da deyək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Gəmiçiliyin donanmasında 13 ədəd gəmi-bərə, 2 ədəd Ro-Ro tipli gəmi var. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon tutumuna, 6-sı isə 52-54 vaqon götürmə imkanına malikdir. Hazırda bu gəmi-bərələr Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir. Rəqabətədavamlı xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” də donanmasında gəmi-bərələrinin sayını artırmağa xüsusi önəm verir.