Dövlət Dəniz Administrasiyasında “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Konvensiyanın (MARPOL) tətbiqinə dair təlim kursu keçirilib

953

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı

Bu ilin 24-28 aprel tarixlərində Dövlət Dəniz Administrasiyasında  Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsi çərçivəsində “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Konvensiyanın (MARPOL) tətbiqinə dair təlim kursu keçirilib.

Qeyd edək ki, adıçəkilən tvinninq layihəsini başlıca məqsədi, Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsi və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarətdir.
Tvinninq layihəsi çərçivəsində ölkəmizə dəvət olunan İspaniyalı mütəxəssislər — P.Donis və J.A. Conde tərəfindən 5 gün ərzində təlimə qatılan iştirakçılara dənizin gəmilərdən çirkləndirilməsinin tarixi, mənbəyi, gəmilərdən çirkləndirilmənin beynəlxalq hüquqi əsasları, MARPOL Konvensiyası, onun strukturu, orada nəzərdə tutulmuş hüquq və öhdəlikər, MARPOL Konvensiyasının Neftlə çirklənmənin qarşısının alınmasına dair I Əlavəsi, Qalama üsulu ilə maye halında olan zərərli maddələrin daşınması haqqında II Əlavəsi, “Dənizlə qablaşdırılmış formada daşınan zərərli maddələrlə çirkləndirmənin qarşısının alınmasına dair” III Əlavəsi, “Dənizin gəmilərdən çirkab sularla çirklənməsinin qarşısının alınmasına dair” IV Əlavəsi, “Dənizi gəmilərdən zibillə çirkləndirilməsinin qarşısının alınmasına dair” V-ci Əlavəsi, “Havanın gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair” VI Əlavəsi ətraflı şəkildə izah edilib, sertifikatlaşdırma və sənədləşdirmə üzrə təcrübi məşğələlər aparılıb.
Təlimlərdə Dövlət Dəniz Administrasiyasının əməkdaşları və Administrasiyanın tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin nümayəndələri iştirak ediblər.
Təlimin sonuncu günü həftə ərzində əldə olunan biliklər təkrar olaraq bir daha nəzərdən keçirilməklə, yekun imtahan təşkil olunub. Eyni zamanda sonda iştirakçılar tərəfindən təlim kursunun qiymətləndirilməsi aparılıb və iştirakçılara sertifikatlar təqdim olunub.