Qazaxıstan səfirliyinin konsulluq şöbəsinin müdiri ADDA-da

629

Aprelin 26-da Qazaxıstan səfirliyinin konsulluq şöbəsinin müdiri Nurbek Almaşov Azərbaycan Dövlət Dəniz Akademiyasına gələrək, dənizçi kadrların hazırlanması prosesi ilə tanış olub. Akademiyanın  elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Zahid Şərifov və tərbiyə işləri üzrə prorektor, dosent Əlimərdan Quliyev ilə görüşdə qazaxıstanlı gənclərin ADDA-da təhsilinin davam etdirilməsi ilə bağlı məsələlər, o cümlədən gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Səmimilik şəraitində keçən görüş zamanı dostluq dənizi olan Xəzərdə daşımalarda fəal iştirak edən Qazaxıstan dənizçiləri sırasında ADDA məzunlarının sayının getdikcə çoxalması xüsusi qeyd edilib. N.Almaşov onların hazırlığından razılıq ifadə edərək, Dəniz Akademiyasına uğurlar arzulayıb.