“TransRussia-2018” sərgisində Azərbaycandan keçən beynəlxalq nəqliyyat marşrutlarına yeni tərəfdaşlar qazanılıb

681

Azərbaycan təmsilçiləri “TransRussia-2018” sərgisində ölkəmizdən keçən beynəlxalq nəqliyyat marşrutlarına əlavə yüklərin cəlb olunması üçün yeni tərəfdaşlar qazanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “ADY Ekspress” şirkəti məlumat verib.

Bildirilib ki, Rusiyanın paytaxtı Moskva şəhərində “TransRussia-2018” XXIII Beynəlxalq nəqliyyat – logistika və nəqliyyat texnologiyaları sərgisi aprelin 17-dən 19-dək davam edib. Sərgidə 26 ölkədən 390–dan çox şirkət təmsil olunur. “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Ekspress” və “ADY Konteyner” şirkətləri birgə stendlə çıxış ediblər. Sərgi Rusiya və Avropada keçirilən bu cür tədbirlərin ən iriləri sırasındadır. Burada dəmir yolu sahəsində çalışan dövlət şirkətləri, beynəlxalq korporasiyalar, yükdaşımalar və logistik kompaniyalar öz xidmətlərini təqdim edirlər.

Azərbaycanın stendi sərgi iştirakçılarının marağına səbəb olub. Onlara ölkəmizin tranzit imkanları barədə ətraflı məlumat verilib. Azərbaycanın ərazisindən keçən “Şimal-Cənub”, “Cənub-Qərb”, “Şərq–Qərb” nəqliyyat dəhlizləri, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yeni istifadəyə verilən Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin imkanları və üstünlükləri, Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətti, İran Astarasındakı terminal barədə ətraflı məlumat verilib. Müzakirələr zamanı “Şimal-Cənub”, “Şərq-Qərb” və əks istiqamətlərdə yüklərin daşınması diqqət mərkəzində olub.

Xarici şirkətlərin təmsilçiləri Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq nəqliyyat marşrutları ilə yüklərin nəql olunmasında maraqlı olduqlarını söyləyiblər. Azərbaycan təmsilçiləri ölkəmizdə tranzit yükdaşımaları sahəsində görülən işlər, reallaşdırılan iri infrastruktur layihələri, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üstünlüklərini təqdim ediblər və bu marşrutlara əlavə yüklərin cəlb olunması üçün yeni tərəfdaşlar qazanıblar.

Qeyd edək ki, sərgidə 26 ölkədən 390–dan çox şirkət iştirak edib. Sərgi meydanlarının ümumi sahəsi 15 min kvadratmetr təşkil edən XXIII Beynəlxalq nəqliyyat, logistika və nəqliyyat texnologiyaları sərgisinin işində müxtəlif ölkələrdən 12 minə yaxın mütəxəssis iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır