“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) hesabına tələbələrə əlavə təqaüd veriləcək.
Gəmiçiliyin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əsas strateji hədəflərindən biri də gənclərdən ibarət peşəkar kadrların hazırlanmasıdır. Bu məqsədlə “AXDG” QSC-nin daxili imkanları hesabına mütəmadi olaraq beynəlxalq səviyyədə tanınan təcrübəli gəmiçilərin təlimləri təşkil edilir, gənc əməkdaşların dənizçilik sahəsində ixtisaslaşan nüfuzlu şirkətlərdə təcrübə keçmələri üçün xüsusi layihələr həyata keçirilir.
“AXDG” QSC-nin Təqaüd Proqramına uyğun olaraq hər il magistr təhsili almaq üçün Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) məzunları dünyanın nüfuzlu ali məktəblərinə göndərilir. Bu, şirkətin kadr potensialının formalaşmasında savadlı, beynəlxalq standartlara cavab verən gənc dənizçilərə üstünlük verməsinin bariz nümunələrindən biridir.
Bundan başqa, ADDA tələbələrinin beynəlxalq standartlara uyğun inkişafının təmini və peşəkarlığının artırılması məqsədilə onların AXDG-nin xarici sularda üzən gəmilərində təcrübə keçmələrinə imkan yaradılır.
Digər tərəfdən, buraxılış imtahanlarından və müsahibələrdən uğurla keçən məzunlara gəmiçilikdə çalışmaları üçün “Zəmanət Məktub”u verilir.
Bütün bunlarla yanaşı, “AXDG” QSC rəhbərliyinin qərarına əsasən dənizçilik sahəsində təhsil alan tələbələrin təhsilə olan maraqlarını artırmaq, onların peşəkar dənizçi kimi yetişmələrinə dəstək olmaq üçün həvəsləndirici layihələr də həyata keçirilir. Bu istiqamətdə daha bir mühüm addım atılıb. Belə ki, Azərbaycan Dövlət Dəniz Akademiyasında və akademiyanın nəzdində fəaliyyət göstərən Dənizçilik Kollecində əyani təhsil alan və təhsilində yüksək nəticələr göstərən tələbələrə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hesabına əlavə təqaüd veriləcək.
Bununla bağlı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xüsusi qaydalar hazırlanıb və təsdiqlənib.
Qaydalara əsasən, bu imkandan yalnız Azərbaycan vətəndaşları olan tələbələr yararlana biləcəklər.
Təqaüd tələbələrin yüksək müvəffəqiyyət göstəricilərinə əsasən veriləcək. Belə ki, imtahan sessiyasının nəticələrinə görə hər bir fənn üzrə göstəricisi 91 baldan az olmayan, başqa sözlə, bütün fənlər üzrə 91-100 bal toplayan tələbələrə “AXDG” QSC tərəfindən hər ay 100 manat təqaüd ödəniləcək.
ADDA-ya 550 və ondan yüksək balla yeni qəbul olmuş tələbələr də həmin siyahıya daxil edilir və birinci tədris ilinin birinci semestrində onlara da təqaüd verilir. Sözügedən tələbələrə növbəti dövrlərdə təqaüd verilib-verilməməsi məsələsi imtahan sessiyasının nəticələrinə əsasən müəyyənləşdiriləcək.
Digər tərəfdən, tələbənin müvafiq semestr ərzində hər hansı fənn üzrə göstəricisi 91 baldan az olduqda, tələbə imtahan sessiyasına buraxılmadıqda, şiddətli töhmət aldıqda, ADDA və kollecdən xaric olunduqda, təqaüd dayandırılacaq.
Bununla belə, istehsalat təcrübəsi və tətil müddətlərində işləyib-işləməmələrindən asılı olmayaraq tələbələrin təqaüdalma hüquqları saxlanılacaq. Hamiləliklə, doğuşla əlaqədar və müvəqqəti əmək qabiliyyətini itirmiş tələbələrə səhiyyə müəssisələrinin verdiyi xəstəlik vərəqəsinə əsasən müəyyən olunmuş müddətdə təqaüd tam həcmdə ödəniləcək.
Ümumiyyətlə isə, qaydalara əsasən təqaüd verilərkən tələbələrin dövlət hesabına və ya ödənişli əsaslarla təhsil almalarına fərq qoyulmayacaq. Həmçinin bu təqaüdlərin təyin edilməsi tələbələrə dövlət tərəfindən təsis edilən təqaüdlərin verilməsini dayandırmır.