İndoneziya Liman Korporasiyası və Avstraliya Yeni Cənubi Uels Limanı İdarəsinin rəhbərləri Bakıya gəlir

201

İndoneziya Liman Korporasiyası və Avstraliya Yeni Cənubi Uels Limanı İdarəsinin rəhbərləri Bakıya gəlir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb.

Bildirilib ki, İndoneziya Liman Korporasiyasının direktoru Elvin Q.Masassaya və Avstraliya Yeni Cənubi Uels Limanı İdarəsinin təsisçisi və direktoru Qrant Qilfillanın Bakıya səfərinin məqsədi mayın 8-11-də keçiriləcək “Gələcəyin limanları: qovşaqlar yaratmaqla, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) konfransında iştirak etməkdir. Liman rəhbərləri konfransın açılış mərasimində çıxış edəcəklər.

Xatırladaq ki, Beynəlxalq Limanlar Assosiasiyası (IAPH) 90 ölkədə 180-ə yaxın liman və limanlarla əlaqəsi olan 140 müəssisəni təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir və beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edir. IAPH hər il iri liman şəhərlərində konfranslar keçirir. Los-Anceles (2013), Sidney (2014), Hamburq (2015), Panama (2016) və Bali (2017) bundan əvvəlki konfranslara ev sahibliyi ediblər.

“IAPH Baku 2018”in iştirakçıları “Bir Kəmər – Bir Yol” təşəbbüsü çərçivəsində nəqliyyat dəhlizlərinin yaradılması, azad ticarət zonalarının milli iqtisadiyyata və qonşu ölkələrin iqtisadiyyatına töhfəsi və XXI əsrdə “SmartPorts” və “Yaşıl limanlar” konsepsiyası kimi mühüm və maraqlı mövzuların müzakirəsi üçün unikal imkan əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır