Домой Xəbərlər SOCAR və BP arasında hasilatın pay bölgüsü üzrə saziş imzalandı

SOCAR və BP arasında hasilatın pay bölgüsü üzrə saziş imzalandı

115
0

SOCAR və BP bu gün Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş (HPBS) imzalayıblar.

HPBS Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Tereza Meyin iştirakı ilə London şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP Qrupunun baş icraçı direktoru Bob Dadli tərəfindən imzalandı.

İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Bizim BP ilə artıq uzunmüddətli əməkdaşlıq ənənəmiz formalaşıb. Əminəm ki, hər iki şirkətin malik olduğu müasir neft-qaz texnologiyaları və unikal tarixi təcrübə sayəsində bu əməkdaşlıq öz uğur silsiləsini davam etdirəcək. Bu gün imzalanan saziş bərabər və ədalətli əsaslar üzərində qurulub və Azərbaycanın təbii ehtiyatlarının ortaq şəkildə maksimum səmərə ilə reallaşdırılması istiqamətində mühüm rol oynayacaq.”

Cənab Dadli demişdir: “Bu saziş Azərbaycanda uzun müddətli hasilatı dəstəkləmək üçün Xəzərdə əlavə imkanların araşdırılması məqsədilə SOCAR və BP-nin yeni birgə səylərinə söykənir. 25 ildən çoxdur ki, biz bu regionda fəaliyyət göstəririk və inanırıq ki, burada hələ də əhəmiyyətli neft və qaz potensialı mövcuddur. Biz SOCAR və digər tərəflərlə sıx işləyərək geoloji kəşfiyyat işləri aparmaqla və qarşıdakı onilliklərdə Xəzərin gələcəyini təmin etməyə yardımçı olmaqla Azərbaycandakı əhəmiyyətli biznesimizi artırmaqda davam edəcəyik.”

D230 bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok təxminən 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir.

25 illik müddəti əhatə edən HPBS-ə əsasən BP 50 faiz işitrak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.

Bundan əvvəl, 2016-cı ilin may ayında, D230 blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdı.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here