Dövlət Dəniz Agentliyi Beynəlxalq Dəniz Təşkilatının 70 illiyi və Dəniz Təhlükəsizliyi Komitəsinin 100-cü sessiyasında təmsil olunub

111

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti baş qərargahı London şəhərində yerləşən BMT – nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının Dəniz (BDT) Təhlükəsizliyi Komitəsinin 100 – cü sessiyasında iştirak edib.

         Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının şahzadəsi Anna Elizabet Alisa Luizanın dəvət olunduğu mötəbər tədbir “Beynəlxalq Dəniz Təşkilatının 70 illiyi” və “Dəniz Təhlükəsizliyi Komitəsinin 100 cü sessiyası”na həsr olunmuşdu. Sessiya iştirakçılarına uğurlar arzu edən Şahzadə dəniz nəqliyyatı sahəsində Beynəlxalq Dəniz Təşkilatının həyata keçirdiyi səmərəli fəaliyyəti yüksək qiymətləndirdi. Onun sözlərinən görə, Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsi bu mötəbər təşkilatın əsas komitələrindən biri hesab olunur.

       Sessiyada dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, nəzarət tələb olunmadan idarə edilən gəmilərin istifadə edilməsi üzrə tənzimləyici qaydalar, yeni inşa edilən gəmi standartları, qütb sularında istismar edilən və “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiyanın tələbləri tətbiq olunmayan gəmilər üçün təhlükəsizlik tədbirləri, dəniz mühitinin çirklənməsinin qarşısının alınması ilə bağlı fəaliyyət, gəmi sistem və avadanlığı, insan faktoru, təlim və növbəçəkmə, yüklərin və konteynerlərin daşınması, BDT-nin sənədlərinin tətbiq olunması, dəniz nəqliyyatı sahəsində yeni tədbirlərin həyata keçirilməsi üçün potensial imkanların artırılması, gəmilərə qarşı yönəlmiş quldurluq və silahlı basqın, dənizlə təhlükəli miqrant keçidi müzakirə olundu.

     Sessiyada, yeni gəmilərin inşa edilməsinə dair standartların tətbiqi ilə bağlı Beynəlxalq Dəniz Təşkilatının Türk Loydunda apardığı yoxlamanın nəticələri müzakirə edildi. Yoxlama ilə əlaqədar Türkiyə tərəfinin təqdim etdiyi sənədə Azərbaycan nümayəndə heyətinin rəhbəri tərəfindən yüksək dəstək nümayiş olundu. Müzakirələrdən sonra Türk Loydunun standartlara uyğun fəaliyyəti sessiya iştirakçılaının səs çoxluğu ilə qəbul edildi.

      Sessiya zamanı dəniz üzgüçülüyü təhlükəsizliyinin təmin edilməsi sahəsində üzv dövlətlərin və təşkilatların təklifləri, təqdim olunan sənədlər nəzərdən keçirildi.  

           Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə keçirdiyi ikitərəfli görüşlərdə son illərdə Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə yeni-yeni uğurlara imza atdığı, iqtisadiyyatımızın bütün sahələri kimi dəniz nəqliyyatı sahəsinin ölkəmizdə inkişaf etdirilməsinin  diqqət mərkəzində olduğu vurğulanıb.

       Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi, habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

            Sessiya zamanı “Beynəlxalq Dəniz Medalı” və “Dənizdə göstərdiyi şücaətə görə Medalı” sahiblərinə təqdim olundu.

             Sessiyanın sonunda 2019 – cu il üçün sədr və sədr müavinləri seçildi.