Macarıstanın BTQ və Ələt iqtisadi zonası ilə bağlı planları…

131

“Qərbi Avropa ölkələri, Mərkəzi Asiya və Çin arasında körpü rolu oynayan bu dəmir yolu həmin ölkələrin də iqtisadiyyatına ciddi gəlirlər gətirə bilər”

Elşən Əliyev:“Macarıstanın seçdiyi maraq dairələrindən görünür ki, niyyətləri ciddidir”

Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi ölkəsinin gələcək niyyətlərindən danışıb. O bildirib ki, ölkəsi Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə böyük maraq göstərir: “Bizim üçün Asiya qitəsi ilə Avropanı birləşdirən infrastruktur layihələrini öyrənmək, onlarda iştirak etmək böyük əhəmiyyət kəsb edir. Biz bu layihəyə qoşulmaq istəyirik. Çünki bu bizim Asiyaya və oradan geri yükdaşımalarımız üçün əlverişli marşrutdur”.

Diplomat, həmçinin, bildirib ki, Macarıstan Ələt dəniz limanının fəaliyyətilə də yaxından maarqlanır və oradakı azad iqtisadi zonanın imkanlarını geniş təhlil edir “Bizim başlıca istəyimiz budur ki, Macarıstan Azərbaycan üçün Avropaya qapı rolunu oynasın”.

Səfir deyib ki, Macarıstan üçün enerji təhlükəsizliyi prioritet məsələdir: “Buna görə də biz fəal olaraq enerji resursları mənbələrinin şaxələndirilməsi imkanlarını axtarırıq, xüsusən də təbii qaz mənbələrinin. Azərbaycan qazı real alternativdir, buna görə də o, diversifikasiya variantlarının baxılması zamanı diqqət mərkəzində olacaq. “Cənub Qaz Dəhlizi” bizim üçün enerji resursları mənbələrinin və tədarük marşrutlarının şaxələndirilməsi baxımından vacibdir, bu səbəbdən də biz bu layihəni yaxşı bir variant kimi qiymətləndiririk”.

Macarıstanın Azərbaycanın müəllifi olduğu layihələrə belə maraq göstərməsini necə dəyərləndirmək olar?

İqtisadçı Elşən Əliyev qəzetimizə bildirdi ki, Avropa ölkəsi olan Macarıstanın deyilən layihələrə belə maraq göstərməsi təbiidir: “Qeyd edək ki, Avropanın digər ölkələri də belə maraqlarının olduğunu gizlətmirlər. Hətta bir çox Mərkəzi Asiya ölkələri də Azərbaycanın ərsəyə gətirdiyi bu layihələrin imkanlarından geniş şəkildə yararlanmağı düçünürlər. Bununla bağlı dövlətlər səviyyəsində razılaşmalar da əldə edilib. Məlumdur ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti Avropa və Asiyanı birləşdirəcək ən qısa nəqliyyat dəhlizi sayılır. Yüklərin daşınması müddəti nəqliyyat sektorunda ən vacib məsələlərdən biridir. Yeni dəmir yolu xəttinin işə salınması Avropa və Asiya arasında daşıma müddətini xeyli azaltmağa imkan verir. Bu layihənin digər istiqamətlər üzrə uzanması da nəzərdə tutulur. Məsələn, təşəbbüskarı Qazaxıstan olan “Silk Wind” layihəsini bura aid edə bilərik. Bu layihə “Çin-Qazaxıstan-Xəzər-Qafqaz-Türkiyə-Avropa” konteyner qatarının buraxılmasına istiqamətlənib. Azərbaycanın əlverişli coğrafi mövqeyi və əhəmiyyətli infrastruktur imkanları var ki, bu da ona beynəlxalq nəqliyyat dəhlizlərində öz yerini tutmağa imkan verir. Eyni zamanda Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaq. Bu, İpək Yolunun bərpasında, işə salınmasında əlavə müsbət təsir göstərən layihələrdən biri kimi səciyyələnir. Bundan başqa, Qərbi Avropa ölkələri, Mərkəzi Asiya və Çin arasında körpü rolu oynayan bu dəmir yolu həmin ölkələrin də iqtisadiyyatına ciddi gəlirlər gətirə bilər. Məhz bu baxımdan da Macarıstanın cəhdlərinə təbii yanaşmalıyıq. Ələt dəniz limanı da bu layihələrin tərkib hissəsidir. Çünki Asiyadan yüklər dəniz vasitəsilə ora gətirilməlidir ki, oradan dəmir yoluna yüklənsin. Macarıstanın seçdiyi maraq dairələrindən görünür ki, niyyətləri ciddidir”.

Məhəmmədəli QƏRİBLİ