Домой Xəbərlər “Transxəzər” qaz kəmərinin pulunu İslam Bankı verə bilər…

“Transxəzər” qaz kəmərinin pulunu İslam Bankı verə bilər…

89
0

“İİB “Transxəzər” layihəsinin perspektivli olmasının fərqindədir və bu səbəbdən kredit təklif etməyə hazır görünür”

Rəsul Cahangirli: “Xüsusən də Türkmənistanın bu məsələdə aktivlik göstərməsinə daha çox ehtiyac var”

“İslam İnkişaf Bankı (İİB) “Transxəzər” boru kəmərinin həyata keçirilməsini dəstəkləmək imkanını araşdırmağa hazırdır”. Bunu mətbuata açıqlamasında İİB-nin Türkiyədəki regional direktoru Saleh Elassi bildirib.

İİB-in regional mərkəzinin direktoru deyib ki, bank “Transxəzər” boru kəməri layihəsinə mümkün dəstək verməyə hazırdır. Azərbaycan və digər maraqlı tərəflər potensial tərəfdaş kimi əlaqə saxlayırlar.

Elassinin sözlərinə görə, “Transxəzər” qaz kəməri layihəsi Qafqazın və Mərkəzi Asiyanın iki əsas regionunda artım və inkişafa kömək edə bilər.

Açıqlamadan o da məlum olub ki, infrastruktur layihələrinin dəstəklənməsi və əməkdaşlığın qurulması İİB-nin onillik strategiyasının əsasıdır: “İnanırıq ki “Transxəzər” boru kəməri layihəsi İslam İnkişaf Bankı, Azərbaycan və Türkmənistan, iki əsas üzv ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsində çox mühüm rol oynayacaq”.

2011-ci ildə Avropa İttifaqı “Transxəzər” boru kəməri sisteminin tikintisi ilə bağlı Aİ, Azərbaycan və Türkmənistan arasında müqavilə bağlamaq üçün mandat qəbul edib. Aİ ilk dəfə infrastruktur layihəsinin dəstəklənməsi üçün müqavilə təklif edib.

Qeyd edək ki, “Transxəzər” Boru Kəməri Sazişi Türkmənistanı Azərbaycanla birləşdirən sualtı boru xəttinin tikintisinin təməlini qoyacaq və öz növbəsində, bu boru kəmərini Mərkəzi Asiyadan Aİ-yə qaz nəql edəcək infrastrukturla birləşdirəcək. Bununla bağlı tərəflər arasında müəyyən müzakirələr gedir. İİB-in sözügedən layihəni maliyyələşdirməyə hazır olması bankın layihəyə verdiyi önəmdən irəli gəlir.

Maraqlıdır, bəs ekspertlər bunu necə şərh edirlər?

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, İİB-in bu təkliflə çıxış etməsi təsadüfi deyil: “Məsələ ondadır ki, İİB 1992-ci ildən Azərbaycanla əlaqələrə malikdir. Bir sıra layihələrlə bağlı Azərbaycana kredit ayırıb. İİB “Transxəzər” layihəsinin perspektivli olmasının fərqindədir və bu səbəbdən kredit təklif etməyə hazır görünür. Xüsusən də bu il Xəzərin statusu ilə bağlı sahilyanı dövlətlərin razılığa gəlməsi layihənin reallaşmasına olan inamı daha da artırıb. Bundan başqa, bu il Azərbaycanla Türkmənistan arasında iqtisadi-siyasi münasibətlərdə yaxınlaşma meylləri daha da güclənib. Dünyanın aparıcı maliyyə qurumları, o cümlədən İİB Azərbaycanın regionda başlıca tranzit ölkə olmasını və bir sıra layihələrə uğurla imza atdığını gördüklərindən, sözügedən layihəyə vəsait ayırmağa hazırdırlar. Ancaq layihənin həyata keçirilməsi ilə bağlı hələ xeyli görüləsi iş var. Xüsusən də Türkmənistanın bu məsələdə aktivlik göstərməsinə daha çox ehtiyac var. Azərbaycan bir sıra böyük layihələri reallaşdırdığı üçün, maraqlıdır ki, “Transxəzər” layihəsi də həyata keçsin. O baxımdan Türkmənistan bu yöndə səylərini artırmalıdır. Rəsmi Aşqabadın bununla bağlı qərarı olarsa, o zaman bunun üçün kredit resursları əldə etmək çətin olmayacaq. Əsas məsələlərdən biri də odur ki, iki ölkə arasında Xəzərin dibinin bölünməsi ilə bağlı razılıq əldə edilsin”.

Vidadi ORDAHALLI

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here