Домой Xəbərlər Yükdaşımalarda tranzit rol Azərbaycana daha çox vəsait qazandırmağa başlayır

Yükdaşımalarda tranzit rol Azərbaycana daha çox vəsait qazandırmağa başlayır

76
0

Yükdaşımaların qeyri-neft sektorunun mühüm qolu kimi Azərbaycana qarşıdakı dövr ərzində daha çox vəsait qazandıracağına dair verilən proqnozlar özünü doğrultmaqdadır. Belə ki, ölkə ərazisində reallaşıdrılan və dünyanın müxtəlif bazarlarına çıxışı təmin edən nəqliyyat infrastrukturundan istifadə etmək istəyən və artıq bu istiqamətdə əməli addımlar atan ölkələrin sayı sürətlə artır. Məsələn, artıq Rusiyanın Maqnitoqorsk Metallurgiya Kombinatından Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu ilə daşınan təbəqə dəmirlərin sınaq olaraq yük vaqonları ilə nəql edilməsinə başlanıb.

Bildirilir ki, Maqnitoqorsk Metallurgiya Kombinatının yükləri Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə nəql edilməkdə davam etdirilir. Bu vaxta kimi Rusiyada istehsal edilən təbəqə dəmir Türkiyəyə konteynerlər vasitəsilə daşınırdısa, artıq nəql prosesi yük vaqonları vasitəsilə həyata keçirilməyə başlanıb. Daha çox yükgötürmə qabiliyyətinə malik vaqonlar vasitəsilə daşımanın həyata keçirilməsi iqtisadi cəhətdən səmərəli sayılır. Yüklərin daşınması Azərbaycana məxsus “ADY Express” MMC-nin operatorluğu ilə həyata keçirilir və əvvəlki kimi Maqnitoqorsk Metallurgiya Kombinatının Türkiyədəki törəmə müəssisəsinə daşınır.

Təbəqə dəmirlə yüklənmiş vaqonlar Rusiyanın Maqnitoqosrk-Qruzovoy stansiyasından yola salınıb. Rusiya, Azərbaycan və Gürcüstandan keçərək, Gürcüstanın Axalkalaki stansiyasında təkər cütlərinin dəyişdirilməsi əməliyyatından sonra Qarsa yola düşüb, oradan da Türkiyənin Payas stansiyasına çatdırılacaq. Ümumən 17 gün ərzində yük vaqonları 5 min kilometrə yaxın məsafəni qət edir. 6 yarımvaqon tipli yük vaqonlarında ümumən 372 ton təbəqə dəmir nəql edilir ki, bu da Maqnitoqorsk Metallurgiya Kombinatı üçün test olaraq həyata keçirilir. Test daşıması uğurlu olacağı təqdirdə, bundan sonra həmin yüklər konteyner yox, məhz yük vaqonları vasitəsilə nəql ediləcək.

Xatırladaq ki, bu vaxta kimi Maqnitoqorsk Metallurgiya Kombinatı öz məhsulunu Türkiyəyə Qara dəniz vasitəsilə çatdırırdı. Ümumiyyətlə isə, Maqnitoqorsk Metallurgiya Kombinatı Türkiyəyə ayda 60 min tona yaxın dəmir məhsulu göndərir ki, onun da bir hissəsi artıq BTQ dəmir yolu ilə nəql edilir. Perspektivdə bu istiqamətdə Rusiyanın daha çox yük daşıması gözlənir. Artıq yaxın tezlikdə Özbəkistan və Türkmənistan da yüklərinin mühüm hissəini BTQ ilə daşımağı düşünür. Qazaxıstan isə bu xətlə əvvəlki dövrə nisbətən daha çox yük daşıyır.

Yükdaşıma sahəsində daha bir mühüm hadisə Lapis-Lazuli marşrutu ilə bağlıdır. Artıq Əfqanıstanın Herat şəhərindən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyənin iştirak etdiyi Lazurit dəhlizi üzrə yükdaşımaların başlanmasına start verilib və bununla bağlı xüsusi mərasim də keçirilib. Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani, Türkmənistan və Əfqanıstanın nəqliyyat nazirliklərinin rəhbərləri, Türkiyənin Əfqanıstandakı səfiri və digər rəsmi şəxslər burada iştirak edib. Məhəmməd Əşrəf Qani mərasimdə çıxışı zamanı Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin regional əməkdaşlığın möhkəmləndirilməsi, xüsusilə də Lapis-Lazuli layihəsinin reallığa çevrilməsi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Mərasimdə vurğulanıb ki, Lazurit dəhlizinin uğurla istismara verilməsi region dövlətlərinin iqtisadi tərəqqisinə güclü təkan verəcək, kənd təsərrüfatı və digər məhsulların, faydalı qazıntıların Əfqanıstandan dünya bazarlarına çıxarılması, yeni iş yerlərinin yaradılması hesabına bu ölkədə vəziyyətin tezliklə stabilləşməsinə kömək edəcək. Sonra Məhəmməd Əşrəf Qani və onu müşayiət edən digər yüksək vəzifəli şəxslərin qırmızı lenti kəsməsi və bundan sonra doqquz ağırtonnajlı avtomobildən ibarət pilot avtomobil karvanının Lazurit dəhlizi marşrutu ilə yola salınması olub. Yüklər Heratdan Turqundi stansiyasına, oradan Türkmənistanın Sərhədabad şəhərinə, sonra bütün ölkənin ərazisindən keçərək Türkmənbaşı Beynəlxalq Dəniz Limanına çatacaq. Daha sonra avtomobil karvanı Xəzər dənizi ilə Azərbaycana – Bakı Beynəlxalq Dəniz Limanına yola salınacaq.

Beləliklə, Lapis-Lazuli marşrutu üzrə ilk sınağa start verilib. Lazurit dəhlizi layihənin üzv ölkələrinə regional və kontinental ticarət bazarlarına çıxışları şaxələndirmək imkanı verəcək. Bu da, öz növbəsində, həm bu dəhliz vasitəsilə yük daşıyan ölkələrin, həm də ərazisindən malların tranziti üçün istifadə olunacaq dövlətlərin iqtisadi inkişafına səbəb olacaq. İqtisadi Əməkdaşlıq Təşkilatı baş katibinin müavini Avni Bıçaklı bildirir ki, Lapis-Lazuli layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr arasında ticari-iqtisadi əlaqələrin genişlənməsində böyük rol oynayır: “İqtisadi Əməkdaşlıq Təşkilatı Lapis-Lazuli nəqliyyat dəhlizinin reallaşdırılması üçün mümkün olan hər şeyi edir. Bu layihə dəmir yolu daşımalarının artmasına böyük töhfə verəcək”. Türkiyə, İran, Pakistan, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Əfqanıstanı birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatı baş katibinin müavini deyib: “Lapis-Lazuli regionun nəqliyyat sisteminin sabit inkişafı yolu ilə gedir”.

Bir daha xatırladaq ki, Lapis-Lazuli marşrutu üzrə saziş 2017-ci il noyabrın 15-də Aşqabadda Əfqanıstan üzrə VII regional iqtisad əməkdaşlıq konfransı çərçivəsində Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanıb. Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiyasını və ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. Onun işə düşməsi isə Azərbaycan üzərindən daha böyük həcmdə yükdaşımaları təmin edir.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here