Azərbaycanda “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə qaydası məlum olub – FƏRMAN

148

 Azərbaycanda “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılması, ləğvi və bərpası qaydası açıqlanıb.

“Report” xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiqlənib.

Qaydanın məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.

Dövlət Gömrük Komitəsi “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu aşağıdakı hallarda dayandırır:

1. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu barədə ərizə təqdim etdikdə,

2. idxal-ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi tələblərə riayət etmədikdə.

Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ 3 ay, lakin 12 aydan çox olmamaqla dayandırılır.

Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun müvəqqəti dayandırılması barədə qərar qəbul etdiyi gündən 1 iş günü müddətində həmin qərarı şəxsə və aidiyyəti qurumlara göndərir. Şəxsin ərizəsinə əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılması halları istisna olmaqla, Komitə bu barədə qərar qəbul etməzdən ən azı 30 gün əvvəl şəxsə məlumat verməlidir.

“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına səbəb olan hallar bu qaydanın 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırıldıqda, şəxsin müraciətinə əsasən, istifadə hüququ bərpa edilir və bu barədə qəbul edildiyi gündən 1 iş günü müddətində şəxsə və aidiyyəti üzrə digər qurumlara məlumat verilir.

Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu aşağıdakı hallarda ləğv edir:

1. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu barədə ərizə təqdim etdikdə,

2. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ almaq üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatların olduğu aşkar edildikdə,

3. hüquqi şəxs ləğv olunduqda, yaxud fiziki şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya vəfat etdikdə,

4. idxal-ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi 12 (on iki) ay ərzində idxal-ixrac əməliyyatı aparmadıqda,

5. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu qaydanın 2.1.5-ci yarımbəndində nəzərdə tutulan cinayəti törətdikdə,

6. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına əsas olmuş səbəblər bu qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş müddət ərzində aradan qaldırılmadıqda.

Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun ləğv edilməsi haqqında qərar qəbul etdiyi gündən 1 iş günü müddətində həmin qərarı şəxsə və aidiyyəti qurumlara göndərir. Şəxsin ərizəsinə əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun ləğv edilməsi halları istisna olmaqla, Komitə bu barədə qərar qəbul etməzdən əvvəl şəxsə ən azı 30 gün əvvəl məlumat verməlidir.

“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ ləğv edilən şəxs bu barədə qərar qəbul edildikdən ən azı 6 ay sonra yenidən bu hüququ əldə etmək üçün müraciət edə bilər.

Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilən, dayandırılan, bərpa və ya ləğv edilən şəxslərin elektron qaydada uçotunu aparır və bu məlumatlar Komitənin saytında yerləşdirilir.