İstanbulda “Palmali”nin 20 illiyi qeyd olundu- TÜRKİYƏNİN ÜNLÜ İSİMLƏRİ MÜBARİZ MƏNSİMOVUN ZİYAFƏTİNDƏ

159

Dünyanın ən nüfuzlu dənizçilik şirkətləri sırasında xüsusi yer tutan soydaşımız Mübariz Mənsimova məxsus “Palmali Holding”in quruluşunun 20-ci ildönümü İstanbulun Çırağan Sarayında böyük təntənə ilə qeyd edilib.

5 qitədə və 7 dənizdə fəaliyyət göstərən, donanmasında 100-dən çox müxtəlif tonnajlı gəmilər olan, neft, neft məhsulları və digər məhsullar da daxil olmaqla, illik yükdaşıma qabiliyyəti 200 milyon tondan artıq olan “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun təşkil etdiyi 20-ci ildönümü mərasiminə rəsmi şəxslər, millət vəkilləri, tanınmış ictimai xadimlər və media mənsublarından ibarət 500 nəfər civarında qonaq qatılıb.

Əsasən, Türkiyə, Azərbaycan və Rusiyadan olan iş adamlarının çoxluq təşkil etdiyi qonaqların arasında Bülent Eczacıbaşı, Fikret Orman, Orhan Gencebay, Hakan Ateş, Fettah Tamince, Fatih Saraç, Mustafa Taviloğlu, Murat Tokat, Mustafa İlbak, Vahit Mustafa, Zafer Yıldırım, Ercan Saatçi, Taylan Bilgen, Mehmet Akbay, Serra Tokar, Serdar Cümbüş, Mahsun – Ece Kırmızıgül, Ali Ağaoğlu, Hülya Avşar, Ali Kibar, Hamdi Akın, Metin Şentürk, Müşerref Akay, Hasan Yeşildağ və tanınmış modelyer Fəxriyyə Xələfova kimi nüfuzlu simalar yer alıb.

Mərasimdə çoxsaylı qonaqlarla yanaşı, Türkiyə, Azərbaycan və Rusiyanın tanınmış sənət ulduzları – Sibel Can, Brilliant Dadaşova, Kubat, Elnur Hüseynov, Nikolay Baskov və başqa sənətçilər iştirak ediblər.

“PALMALİ” TÜRKİYƏYƏ SƏRMAYƏ YATIRMAĞA DAVAM EDƏCƏK”

Mərasimə oğlu Mübarizlə birlikdə qatılan Mənsimov jurnalistlərlə söhbətində Türkiyə iqtisadiyyatına kapital qoyuluşunu davam etdirəcəyini deyib:
“Bu gün 20-ci ildönümümüzü qeyd edirik. Bu münasibətlə bizim sevincimizə şərik olan hər kəsə minnətdarlığımı bildirirəm. Dənizçilik sektorunda fəaliyyət göstərmək baxımından, 20 il çox yaxşı göstəricidir. İnşallah, fəaliyyətimiz 20, 40, 50 il deyil, hər zaman davam edəcək. “Palmali” Türkiyənin dənizçilik sektoruna sərmayə yatırımlarını davam etdirəcək.

“Palmali” bir Türk markasıdır. Dünyada da var, var idi və olacaq. Fikrimcə, 2019-cu ildə qlobal konyukturanı indidən görə bilənlər üçün Türkiyə çox yaxşı mövqedə qərarlaşıb. Təşvişə düşməyə əsas yoxdur. Dünyada hər kəsə məlum olan müəyyən iqtisadi məhdudiyyətlər mövcuddur, ancaq vəziyyət belə qalmayacaq, hər məhdudiyyətin bir genişliyi var. Türkiyə imkanları geniş olan çox gənc nəslə malikdir. 2019-cu ilin Türk xalqı üçün çox uğurlu olacağına inanıram”.

Məşhur iş adamı 20-ci ildönümü mərasiminin açılış nitqində “Palmali”nin uğurlarında böyük pay sahibi olan şirkət əməkdaşlarının əməyini yüksək qiymətləndirib. Onun dənizçilərə yönəlik minnətdarlıq mesajı alqışlarla qarşılanıb:
“Xoş gəlmisiz. Bizim üçün çox əlamətdar olan bu tarixi təbrik etmək üçün gələn hər kəsə təşəkkürlər. Biz burada ikən, kapitanlarımız dənizlərdə fırtınalarla çarpışırlar, bu gün burada olmağımızın əsas səbəbkarları məhz dənizçilərdir. Onlara minnətdarlığımı bildirir, qarşılarında baş əyirəm”.

Mərasimin bədii hissəsində ilk olaraq, səhnəyə çıxan Kubat “Palmali”yə və Holdinqin sahibi Mübariz Mənsimova daha böyük uğurlar arzulayıb:
“Xüsusi seçilən bir insan bu gün bizləri bir araya gətirib. Mübariz Mənsimov, Azərbaycanın Türkiyədəki etibarını daha da gücləndirən və dostluq naminə canını belə əsirgəməyən bir insandır. Sizinlə fəxr edirik, uğurlarınız daimi olsun”.

Kubatın ifası zamanı səhnəyə çıxan Brilliant Dadaşova öz möhtəşəm rəqsi ilə gecəyə əlavə rəng qatıb. “O səs Türkiyə” mahnı müsabiqəsinin qalibi Elnur Hüseynov isə təqdim etdiyi dünya musiqisinin seçmə kompozisiyaları ilə qonaqlara böyük zövq yaşadıb.

SİBEL CANDAN BƏNZƏRSİZ PERFORMANS!

Daha sonra səhnəyə çıxan populyar müğənni Sibel Can ifa etdiyi “Səndən başqa kimsəm yox” mahnısı və qaynar rəqsləri ilə qonaqları əfsunlayıb. Səhnədə şık və dinamik hərəkətləri ilə publikanı coşduran Sibel Can yerinə düşən zarafatları ilə də diqqəti cəlb edib.

Sibel Can ifadan sonra “Palmali”ni 20-ci ildönümü münasibətilə təbrik edərək, Holdinqə uğurlar diləyib:
“Gözəl alqışlarınız üçün çox təşəkkür edirəm. 20-ci ildönümü mərasimində sizlərlə birlikdə olmaq qürurverici hissdir. Bundan sonra da neçə-neçə ildönümlərini birlikdə qeyd edək”.

“PALMALİ”NİN 20-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ TORT KƏSİLDİ

“Palmali Holding”in qurucusu Mübariz Qurban oğlu Mənsimov 20-ci ildönümü münasibətilə hazırlanmış tortu biznes həmkarları və şirkət əməkdaşları ilə birlikdə kəsib. Bu zaman sənət yoldaşı Orhan Gəncəbaya yaxınlaşan Sibel Can “Sevərək ayrılalım” mahnısını onunla birlikdə səsləndirib.

MAHSUN KIRMIZIGÜL 12 İL SONRA YENİDƏN SƏHNƏYƏ ÇIXDI

Daha sonra “O da bu ailədən olduğu üçün sözümüzü yerə salmaz” deyərək, Mahsun Kırmızıgülə yaxınlaşan Sibel Can “Qardaş türküsü”nü səsləndirərək, həmkarını səhnəyə dəvət edib.

Səhnəyə çıxan Mahsun Kırmızıgül öncə “Palmali”yə xoş arzularını çatdırıb:
“Sizə bundan sonra da uğurlar arzulayıram. Sizləri daha gözəl günlər gözləyir”.

12 ildir səhnəyə çıxmadığını deyən Kırmızıgül “Mihriban” mahnısını Sibel Canla birlikdə səsləndirərək, qonaqları xeyli duyğulandırıb.