Домой Xəbərlər Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs edən “Miras” bədii-sənədli filminin təqdimatı olub

Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs edən “Miras” bədii-sənədli filminin təqdimatı olub

76
0

Qafqaz-XIX əsrin sonu. İsveçli sahibkar və kimyaçı Robert Nobel Bakıya gəlir. Burada o, heç kəsin gözləmədiyi dəyərli sərvəti – “qara qızıl”ı kəşf edir. Ancaq onun işinə əngəl olan nəhəng bir rəqib var – Con Rokfellerin “Standart Oil” şirkəti. Bakı nefti uğurunda mübarizə dünyanın diqqət mərkəzinə çevrilir. Bu mübarizədə qalib gəlmək üçün Nobel qardaşları bütün səylərini birləşdirməlidir…

Bu epizodlar Bakı Media Mərkəzinin ekranlaşdırdığı, Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs edən “Miras” adlı bədii-sənədli filmdə yer alır.

AZƏRTAC xəbər verir ki, filmin dekabrın 21-də Nizami Kino Mərkəzində keçirilən təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, media təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Nobel Oil” şirkətinin sponsorluğu ilə ərsəyə gələn filmin məqsədi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm də dünya neft hasilatının inkişafında tarixi rolu və əhəmiyyətini vurğulamaq, eləcə də Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir.

Filmin təqdimatından əvvəl ekran əsərinin quruluşçu rejissoru Zaur Qasımlı AZƏRTAC-a müsahibəsində deyib ki, “Miras”ın hazırlanmasına bir il vaxt sərf olunub. Buraya ssenarinin yazılması, çəkilişlərə hazırlıq mərhələsi, aktyorların, məkanların seçilməsi, çəkiliş və montaj prosesi daxildir. Filmin ərsəyə gəlməsində aktyorlar, kütləvi səhnələrdə çəkilən insanlar, texniki heyət də daxil olmaqla iki minə yaxın insan iştirak edib. Çəkilişlər Bakı və ətraf kəndlər, Şəki, İsmayıllı şəhərləri, eyni zamanda, Belarus Respublikası daxil olmaqla 30 məkanda aparılıb. Ekran əsərinin çəkilişinə 100-dək peşəkar aktyor qatılıb. Əllidən çox məkanın istifadə olunduğu filmin çəkilişlərinə 40 gün vaxt sərf edilib. Filmin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, Rusiya, Belarus və Gürcüstandan dəvət edilmiş kinematoqrafçılar da iştirak ediblər.

Ekran əsərində Nobellərin böyük nailiyyətləri – dünyada ilk neftdoldurma tankeri və neft məhsullarının saxlanılması üçün dəmir çənlərin (rezervuarların) yaradılması, Avropada ilk neft boru kəmərinin məhz Bakıda istifadəyə verilməsi və şirkətin neft sənayesində tətbiq etdiyi bu kimi bir sıra digər yeniliklərdən bəhs olunur. Eyni zamanda, filmdə neft sənayesinin inkişafı ilə “qara qızıl”ın geostrateji xammal kimi əhəmiyyətinin artması, eləcə də Azərbaycanın regionda geosiyasi önəm qazanması və bir neçə qitənin nəhəng şirkətlərinin Bakı nefti uğrunda gərgin mübarizə aparmalarından danışılır.

Bundan başqa, filmdə Nobel Mükafatı Fondunun 15-17 faizinin “Nobel qardaşları” neft hasilatı şirkətinin Bakı neftindən əldə edilmiş gəlirləri hesabına təşkil edilməsi qabardılır və Bakı neftinin tarixi, bəşəri əhəmiyyətli Nobel Mükafatı Fondu ilə üzvü bağlılığı qeyd olunur.

Həmçinin “Miras” filmində Nobel qardaşları tərəfindən “qara qızıl”a dair yaradılan irsin bu gün Azərbaycanda inkişaf etməsi və ölkəmizin dünyanın etibarlı enerji təminatında rolu nümayiş olunur.

“Miras” bədii-sənədli filminin prodüseri Orman Əliyev, ssenari müəllifi və quruluşçu rejissoru Zaur Qasımlı, quruluşçu operatoru Vladimir Artemyev, quruluşçu rəssamı isə Şahin Həsənlidir.

Mərasimdə, həmçinin Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənovun “Nobellər neft, milyonçular və qoçular şəhərində” adlı kitabının təqdimatı da olub. Bakı, Moskva və Sankt-Peterburq arxivlərində saxlanılan sənədlər, o dövrün mətbuat materialları əsasında yazılan kitab Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs edir.

Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında”, “Son iclas” və digər sənədli filmlər yer alır.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here