Azərbaycanın fəallığı ilə Xəzərdə yeni proses – Rusiya, İran və Azərbaycanın dəniz limanları birləşdirilir

900

Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi istiqamətində atılan addım sahilyanı ölkələrdən biri kimi Azərbaycana qarşıdakı dövr ərzində daha böyük dividendlər vəd edir. Elə bu səbəbdən statusla bağlı əldə edilən razılaşma başa çatmaqda olan cari ildə Azərbaycanın ən böyük uğurlarından biri sayılır.

Azərbaycan bununla ilk olaraq enerji müstəvisində böyük nailiyyətlər əldə edir və gələn ildən dənizdə mübahisəli sayılan yataqların birgə işlənməsi gözlənir. Eyni zamanda, yenə gələn il ərzində “Transxəzər” kəmərinin çəkilişi də nəzərdə tutulur. Amma status məsələsi həm də Azərbaycana qeyri-neft sektorunun, konkret halda dəniz turizminin inkişafında yardım göstərən başlıca məqamlardan sayılır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bütün bunlar fonunda statusun müəyyən olunmasını yüksək qiymətləndirir: “Bu ilin avqustunda “Xəzəryanı beşliy”in liderləri tərəfindən imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya dövlətlərarası əməkdaşlıq üçün yeni, müstəsna imkanlar açdı. Konvensiya tərəflərin Xəzər dənizindən və onun zəngin təbii ehtiyatlarından istifadəsi ilə bağlı hüquq və vəzifələrini tənzimləyir. Konvensiya Xəzər dənizinin delimitasiya parametrlərini müəyyənləşdirir”. E.Məmmədyarov qeyd edib ki, bu sənədin Azərbaycan üçün əsas əhəmiyyəti sahilyanı ölkələrin dənizin zəngin təbii sərvətlərindən istifadə edilməsi üzrə suveren və müstəsna hüquqlarının müəyyənləşdirilməsindən ibarətdir: “Beləliklə, konvensiya neft-qaz sənayesi sahəsində müxtəlif layihələrin, habelə dənizdəki digər iqtisadi fəaliyyətlərin həyata keçirilməsinin davamlılığını və təhlükəsizliyini təmin edir. Xəzər dənizində ticarətin və ölkələrimizin iqtisadiyyatının inkişafı baxımından mühüm rol oynayan naviqasiya azadlığı və təhlükəsizliyi təmin edilir. Tarixən Xəzər dənizində nəhəng layihələrin həyata keçirilməsində qabaqcıl olan Azərbaycan gələcəkdə də sahilyanı ölkələrlə əməkdaşlığı davam etdirməyi və genişləndirməyi planlaşdırır”.

Məhz belə bir vaxtda Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun açıqlamaları da xüsusi diqqət cəlb edir: “Azərbaycan və Rusiya Xəzər dənizində nəqliyyat sahəsində əməkdaşlıq və dəniz turizmini inkişaf etdirmək niyyətindədir”. O, bu ilin avqustunda Astanada Xəzər dənizinin hüquqi statusuna dair Xəzəryanı ölkələrin hökumət başçılarının imzaladığı konvensiyanı tarixi hadisə kimi dəyərləndirib: “Mənə çox xoşdur ki, Azərbaycanda da bu hadisə ilin ən önəmli siyasi hadisələrindən biri kimi dəyərləndirilir”. Rusiya səfiri vurğulayıb ki, ölkələr Xəzər dənizi hövzəsində nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir: “Rusiya və Azərbaycan Xəzər dənizi üzərində Olya limanı və Azərbaycanda olan liman arasında dəniz, nəqliyyat xəttinin açılması üzərində düşünür. Həmçinin Xəzər dənizində dəniz kruizi turizminin inkişafını planlaşdırırıq”.

Ümumiyyətlə, Rusiya Azərbaycanla Xəzərdə nəqliyat əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu xüsusda şimal qonşumuz dəniz kruizi turizminin inkişafına böyük maraq göstərir. Bu vəziyyət həm də Rusiyadan Azərbaycana daha çox sayda turistin gəlişinə təkan verən hal sayılır. Bundan əvvəl də Rusiyanın Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva bildirmişdi ki, Rusiya və Azərbaycan turizm və nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində Xəzərdə dəniz turizminin inkişafı üzrə birgə layihə hazırlayır. Nazir müavini qeyd edib ki, bu, hələ analoqu olmayan unikal layihə olacaq: “Hesab edirik ki, bu layihənin reallaşması qarşılıqlı fayda verəcək və iki ölkə arasında davamlı və səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər açacaq. Layihəyə iqtisadi baxımdan tələbat var, belə ki, bu, Xəzəryanı ölkələr arasında mədəni-regional əlaqələrin inkişafına xidmət edəcək. İlkin marşrutların coğrafiyası layihəyə cəlb olunmuş turoperatorlardan asılı olacaq. Həmin marşrutlar fərqli, yəni qısa, uzun ola bilər, idealda isə bütün Xəzəryanı ölkələri əhatə edəcək dəniz üzrə dairəvi marşrut ola bilər”. Rusiya Federal Turizm Agentliyinin rəhbəri Oleq Safonov isə qeyd edir ki, Azərbaycanla Rusiyanın bütün sahələrdə əməkdaşlığı fəal inkişaf edir: “Xüsusilə turizm sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanlarımız həqiqətən çoxdur. Qarşılıqlı münasibətlərin tarixi, əsrlərlə davam edən dostluq, dil baryerinin olmaması, azərbaycanlılara xas qonaqpərvərlik ikitərəfli turizm əlaqələrinin inkişafı üçün həmişə əsas olub. Bu münasibətlər qarşılıqlıdır.

Azərbaycan vətəndaşları da Rusiya Federasiyasında özlərini heç də az rahat hiss etmirlər”. O bildirib ki, rusiyalıların Azərbaycana axını artacaq: “Hesab edirəm ki, rusiyalı turistlər Azərbaycanda səyahətlərin coğrafiyasının genişlənməsini istəyir”. Federal agentliyin rəhbəri vurğulayıb ki, Xəzər dənizində kruiz turizminin inkişafı çox perspektivli hesab edilir. Müxtəlif sərhədaşırı kruiz xətləri çox populyar olacaq: “Kruiz, qastronomik və etnik turizm yaradılmasına ehtiyac var. Paket turlarının yaradılması məsələsi də müzakirə edilir. Bizim imkanlarımız çoxdur”.

Ekspertlər qeyd edir ki, Xəzər hövzəsində dəniz səyahəti layihəsinin gerçəkləşməsi Azərbaycana gələn turistlərin sayının daha da artmasına və ona müvafiq olaraq turizm gəlirlərinin də çoxalmasına səbəb olacaq. Dəniz səyahəti əksər ölkələrdə, xüsusən də dənizə və okeanlara çıxışı olan dövlətlərdə tətbiq edilən turizm növüdür. Hesab edilir ki, Azərbaycan bu turizm növündən də maksimal dərəcədə faydalanmalıdır. Rusiya ilə dəniz səyahəti layihəsi anlaşmasının olması sözügedən turizm xidmətinin ölkəmizdə genişlənməsinə imkan verəcək. Məlumatlar səslənir ki, Azərbaycan dəniz səyahəti layihəsilə bağlı təkcə Rusiya ilə deyil, Qazaxıstan və Türkmənistanla da danışıqlar aparır.

Bir müddət öncə isə İranın ticarət, sənaye, mədənlər və kənd təsərrüfatı palatasının sədri Qulamhüseyn Şafeyi bəyan edib ki, İran Xəzəryanı ölkələrlə iqtisadi əlaqələrin genişləndirilməsi və təhlükəsizliyin qorunması istiqamətində ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir. O bildirib ki, İran Azərbaycanla Xəzər dənizində əməkdaşlığı genişləndirməkdə maraqlıdır: “Azərbaycanın və İranın dəniz sahilində lazımi infrastrukturu var. Bundan səmərəli şəkildə istifadə edib yük və sərnişindaşımasını həyata keçirmək olar. Azərbaycan və İranın Xəzər sahilindəki limanları arasında əlaqələrin qurulması iqtisadiyyat, turizm, nəqliyyat sahələrindəki əməkdaşlığa böyük təkan verər. Bu əlaqələr hər iki dövlət üçün sərfəli olar“. Bütün bunlar gələn il ərzində Azərbaycanın Xəzər üzərindən daha çox gəlir əldə etməsini də şərtləndirəcək.