Azərbaycanda yeni ekoloji layihə hazırlanır

661

Abşeron yarımadasının və yarımadaya yaxın çirklənmiş ərazilərin qiymətləndirilməsi və inventarlaşdırılması ilə bağlı layihə hazırlanır.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, çirklənmiş ərazilərin qiymətləndirilməsi İtaliya şirkəti ilə birlikdə aparılır:

“Neftlə çirklənmiş ərazilərin kadastrı hazırlanacaq. Çirklənmiş ərazilərin lay suları, kimyəvi tullantılar, yoxsa antropogen təsirlərlə bağlı olması araşdırılacaq. Hər bir ərazi üzrə təmizlənmə metodikası hazırlanır. Çirkləndirilən ərazilər müəyyənləşdiriləcək”.

Aparat rəhbəri qeyd edib ki, çirklənmiş ərazilərin təmizlənməsini yerli şirkət həyata keçirəcək:

“Şirkət, sadəcə, bizə təmizləmə üsullarını təqdim edəcək. 2019-cu ildə bu proses başlanacaq. Bu məsələ ya ayrı-ayrı qurumlara, ya da nazirliyin bir hissəsinə tapşırılacaq. Artıq beynəlxalq hava limanı və Yod-brom zavodu ərazisində də çirklənmənin müəyyən edilməsi ilə bağlı işlərə başlanılıb. Artıq zavodda işlərin 80 faizi yekunlaşıb. 66 hektar ərazidə təmizləmə işləri aparılıb və park salınıb”.