Домой Xəbərlər Azərbaycanın Avrasiya yükdaşımalarında tranzit məkan rolunu gücləndirən daha bir hadisə – Lapiş-Lazuli…

Azərbaycanın Avrasiya yükdaşımalarında tranzit məkan rolunu gücləndirən daha bir hadisə – Lapiş-Lazuli…

73
0


Məlum olduğu kimi
, bu gün nəqliyyat sahəsi, tranzit daşımaları ölkəmizdə qeyri-neft sektorunun aparıcı sahələri sırasında yer alır. Elə bundan irəli gəlir ki, nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün ölkədə indiyə qədər mühüm işlər görülüb, çoxsaylı layihələr həyata keçirilib.

Azərbaycanın yerləşdiyi coğrafi mövqe, digər dəhlizlərlə müqayisədə məsafənin qısa və daşıma müddətinin az olması isə tranzit yüklərin ölkəmiz üzərindən daşınmasına beynəlxalq marağı daha da artırır. Xüsusən də  Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi fonunda bu marağın daha da artması müşahidə olunur. Elə Əfqanıstandan gələn yüklərin də Azərbaycan üzərindən keçməsi qeyd edilənlərin məntiqi nəticəsi sayılır.

Xatırladaq ki, burada söhbət “Lapis-Lazuli” nəqliyyat dəhlizindən gedir və artıq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı avtomobil, dəmir yolu və dəniz yükdaşımalarının həyata keçirildiyi bu dəhlizlə Əfqanıstandan ilk yükləri qəbul edib. Sözügedən dəhliz Əfqanıstandan və Asiyadan yükdaşımaların ən əlverişli və ucuz yoludur. Bir daha qeyd edək ki, “Lapis-Lazuli” marşrutu üzrə tranzit və nəqliyyat əməkdaşlığına dair Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə beştərəfli sazişi ötən il noyabrın 15-də Aşqabadda keçirilən Əfqanıstana dair regional iqtisadi əməkdaşlıq konfransında  imzalanıb. Bu il dekabrın 13-də isə Əfqanıstanın Herat şəhərində bu dəhliz üzrə yükdaşımalara start verilib. Əfqan torpağında yetişdirilən kənd təsərrüfatı məhsulları, o cümlədən kişmiş, küncüt, pambıq, qarpız toxumları və digərləri ilə yüklənmiş doqquz ağırtonnajlı avtomobildən ibarət karvan Əfqanıstandan Lazurit dəhlizi ilə Türkmənistana yola salınıb. Yüklər Türkmənistanın paytaxtı Aşqabada, Türkmənbaşı liman şəhərinə, oradan isə bərələr vasitəsilə Bakı Beynəlxalq Dəniz Limanına yola salınıb.

Hesab edilir ki, dəhlizin uğurla istismara verilməsi region dövlətlərinin iqtisadi tərəqqisinə güclü təkan verəcək, kənd təsərrüfatı və digər məhsulların, faydalı qazıntıların Əfqanıstandan dünya bazarlarına çıxarılması, yeni iş yerlərinin yaradılması hesabına bu ölkədə vəziyyətin tezliklə stabilləşməsinə kömək edəcək. Eyni zamanda, dəhliz layihənin üzv ölkələrinə regional və kontinental ticarət bazarlarına çıxışları şaxələndirmək üçün şərait yaradacaq. Bu da, öz növbəsində, həm bu dəhliz vasitəsilə yük daşıyan ölkələrin, həm də ərazisindən malların tranziti üçün istifadə olunacaq dövlətlərin iqtisadi inkişafına, həmçinin sürətli və ucuz daşımalar hesabına alıcı ölkələrə malları daha ucuz qiymətə əldə etməyə imkan verəcək.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının baş katibi Umberto de Pretto bildirir ki, “Lapis-Lazuli” çox böyük əhəmiyyətli bir layihə olaraq regionun qlobal iqtisadiyyata daha çox inteqrasiya olunmasına və əmtəə dövriyyəsini artırmağa kömək edəcək: “Bu marşrut üzrə səmərəli yükdaşımalar sistemi yaradılması və yükdaşımaların ləngidilməməsi üçün qanunvericilik səviyyəsində bütün tədbirlər görülməlidir. Viza dəstəklənməsi məsələləri prioritet məsələdir”. Baş katib peşəkar sürücülər üçün sadələşdirilmiş viza rejimi tətbiq olunmasını təklif edib: “Bizdə təyyarəçilər və dənizçilər üçün mövcud viza sistemi yükdaşımaların sürətini artırır. Mən “Lapis-Lazuli” marşrutu üzrə hərəkət edəcək sürücülər üçün də buna oxşar sistem tətbiq olunmasını təklif edirəm. Axı, nəqliyyatı elektriklə müqayisə etmək olar – o da müqavimət az olan tərəfə gedir. Əgər “Lapis-Lazuli” marşrutu üzrə hərəkət etmək sadə olsa, bu, çoxsaylı tranziterləri cəlb edəcək”.

Ekspertlərin qənaətinə görə, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi daha çox Asiya qitəsi üçün aktual olan bir sıra iqtisadi məsələlərin həllində açar rolunu oynayacaq. Yeni marşrut regionda istehsalın artmasına kömək edəcək, Əfqanıstan iqtisadiyyatının dirçəlməsinə müsbət təsir göstərəcək. Artıq yaxın zamanda nəqliyyat layihələri Əfqanıstanın və bütün regionun iqtisadi inkişafına güclü təkan verəcək. “Lapis-Lazuli” layihəsi yük axınını əhəmiyyətli dərəcədə gücləndirəcək və malların istehsalçıdan satış bazarına qədər çatdırılması məsafəsini qısaldacaq ki, bu da xarici istehlakçılar üçün qiymətlərin ucuzlaşmasına səbəb olacaq, iri ticarət müəssisələrini regiondakı istehsalçılarla əməkdaşlığın möhkəmlənməsinə sövq edəcək. Bu marşrut  həm də Azərbaycanın nəqliyyat-tranzit dəhlizlərinin logistika mərkəzinə çevrilməsinin sübutudur. Eyni zamanda onu göstərir ki, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşən Azərbaycan Avropa və Asiyanın birləşdirəcək əsas logistika halqası olmaq üçün bütün imkanlara malikdir. Yaxın tezlikdə işə düşəcək “Şimal-Cənub” dəhlizi də bunun növbəti təsdiqidir. İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami bununla bağlı bildirib ki, Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun istifadəyə verilməsi “Şimal-Cənub”  üçün böyük əhəmiyyət kəsb edir və qarşılıqlı iqtisadi əməkdaşlıq əlaqələrinə böyük təkan verir: “İran və Azərbaycan Qəzvin-Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edir. Bu yol İranı Rusiya və Avropa, Azərbaycanı isə Fars körfəzi ölkələri ilə birləşdirəcək. “Şimal-Cənub” dəhlizi  çərçivəsində inşa edilən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi tam hazırdır, Rəşt-Astara hissəsində isə işlər sürətlə davam edir. Bu yolun işə düşməsi İranla Azərbaycan arasındakı ticarət dövriyyəsini dəfələrlə artıracaq və hər iki dövlətin iqtisadi inkişafına əsaslı təkan verəcək”.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here