Azərbaycanın ixracatında 40 faiz artım – ixracatımız hansı məhsullara söykənir…

686

“2018-ci ildə neft sənayesinin ixracından başqa, qeyri-neft sektorunun ixracı da üstünlük təşkil edib”

Rüfət Quliyev: “Sumqayıt Polimerlər kimya sənayesi müəssisəsinin işə düşməsi nəticəsində Azərbaycanda qeyri-neft ixracının xüsusi çəkisi xeyli dərəcədə artıb”

Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində özünəməxsus cəhətləri ilə seçilən uğurlu bir modelin əsasını qoyduğu beynəlxalq miqyasda da açıq etiraf edilir. İnkişafın Azərbaycan modelinin uğurunu göstərən əsas cəhətlərdən biri də ölkənin ixrac potensialının genişləndirilməsidir. Ölkə iqtisadiyyatının inkişafı istiqamətində görülən işlər sayəsində Azərbaycanın ixrac etdiyi məhsulların həcmi artıb.

Qeyd edək ki, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun ixracatında artım qeydə alınıb. Açıqlanan statistik rəqəmlərə əsasən, 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracında sənaye sektorunun payı 52 faizə çatıb.

Onu da bildirək ki, ötən il Azərbaycandan MDB ölkələrinə 1 milyard 13 milyon 875 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu isə 2017-ci illə müqayisədə 76 milyon 288 min dollar çoxdur. MDB ölkələrindən Azərbaycanın idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 538 milyon 835 min dollardır.

Eyni zamanda, 2018-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalı və ixracı artıb. Statistik rəqəmlərə əsasən, 2017-ci illə müqayisədə 2018-ci ildə elektrik enerjisinin illik istehsalı 22.52 milyard kvts və ya 3.4 % artıb.

Azərbaycandan Rusiya, Gürcüstan, İran və Türkiyəyə ixrac olunan elektrik enerjisi də 2017-ci illə müqayisədə 2018-ci ildə 175 milyon kvts və ya 14.2 % artıb.

2018-ci ildə Azərbaycan ixracatının artması beynəlxalq hesabatlarda da qeyd olunub.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edərkən ötən il Azərbaycan ixracatının artması barədə fikir bildirib. O qeyd edib ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil: “Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir. İxracımız təxminən 40 faiz artıb”.

İxracatın hansı sahələrində artımın qeydə alınması barədə məlumat verən millət vəkili Rüfət Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki,  bu gün Azərbaycanın iqtisadi inkişaf baxımından asılılığı azalıb.Ötən il iqtisadi artımın bərqarar olmasına səbəb həm də 2017-ci ildə iqtisadi stabilliyin əldə edilməsidir.

Millət vəkilinin sözlərinə görə, 2018-ci ildə neft sənayesinin ixracından başqa, qeyri-neft sektorunun ixracı da üstünlük təşkil edib: “Məlumdur ki, Prezident İlham Əliyevin təsdiq etdiyi Strateji Yol Xəritəsinə və Regionların İqtisadi İnkişafı Proqramına uyğun olaraq, Azərbaycanda qeyri-neft sektorunun inkişafına diqqət artırılıb. Bu sahəyə ayrılan diqqət və xüsusi qayğı nəticəsində qeyri-neft ixracı məhsullarının ixracatı xeyli dərəcədə yüksəlib. Bəllidir ki, ixracatın artması ilə bağlı ötən il çox ciddi layihələrə imza atılıb”.

Həmsöhbətimiz onu da vurğuladı ki, Sumqayıt Polimerlər kimya sənayesi müəssisəsinin işə düşməsi nəticəsində Azərbaycanda qeyri-neft ixracının xüsusi çəkisi kifayət qədər artıb.

R.Quliyev bildirdi ki, Azərbaycanın istehsal etdiyi məhsulların ixracatının artması səbəblərindən biri də “Made in Azərbaijan” brendinin dünyada tanıdılmasıdır: “Əsasən aqrar məhsullar ixrac olunur. Bəllidir ki, ənənəvi bazarımız Rusiya Federasiyasıdır. Bu ölkəyə həm meyvə, həm də tərəvəz ixrac edirik. Yeni istixanalar istifadəyə verilir, minlərlə hektarda yeni bağlar salınır, yeni sahələrdə tərəvəz əkilir. Bu o deməkdir ki, məhsulumuz artır və artacaq. Belə olan halda, Azərbaycanın ixrac potensialı güclənir. Ötən il istehsal edilən məhsullar ənənəvi bazarlarla yanaşı, yeni bazarlara da çıxarıldı. Bunlar Avropa ölkələri, ərəb ölkələri, Belarus, Litva, Latviya, Estoniya və digər ölkələrdir.

Həmçinin, ötən il üzümçülüyün, pambıqçılığın, baramaçılığın, şərabçılığın, tütünçülük sənayesinin inkişafı ilə bağlı olduqca böyük işlər görülüb. Qeyd etdiyim məhsulların ixracında da artım qeydə alınıb”.

R.Quliyev onu da vurğuladı ki, ixracın artması isə ölkəyə xarici valyutanın daxil olmasına şərait yaradır ki, bu da, öz növbəsində, manatın möhkəmlənməsinə kömək edir.

Millət vəkilinin sözlərinə görə, iqtisadiyyatın inkişafı istiqamətində görülən işlərin nəticəsi artıq özünü müsbət yöndə göstərir: “Bəzi sahələrdə nəticəni görürük. Bir sıra sahələrdə isə nəticə qarşıdakı illərdə özünü büruzə verəcək. Elə sahələr var ki, biz onun effektini 2025-2030-ci illərdə görəcəyik.

Onu da əlavə edim ki, Azərbaycan peykinin orbitə buraxılması iqtisadi baxımdan ölkəyə sərmayə gətirib.