“Şahdəniz” yatağından qaz hasilatının həcmi 100 mlrd. kubmetrə çatıb

565

Bu günlərdə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından ümumi qaz hasilatı 100mlrd. kubmetrə çatıb.

Yatağın operatoru “BP-Azerbaijan” şirkətindən “Report”a verilən məlumata görə, bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlandığı və Cənubi Qafqaz Boru Kəmərinin işə düşdüyü elan olunan vaxtdan 12 il sonra əldə edilib.

2006-cı ildən bəri “Şahdəniz” yatağından ümumilikdə həmçinin 196 mln. bareldən artıq kondensat hasil edilib.

Qeyd edək ki, yatağın işlənməsinin 1-ci mərhələsi çərçivəsində ilk hasilat 15 dekabr 2006-cı ildə əldə edilib və o vaxtdan bəri qaz həcmləri Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.

2018-ci il 30 iyun tarixində isə “Şahdəniz 2” çərçivəsində Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlanıb və iyulun sonunda “Şahdəniz” Bravo platformasından ilk qaz əldə edilib.

Hazırda “Şahdəniz” yatağından hasilat “Alfa” platformasında təqribən 10, “Bravo” platformasında isə 6 quyudan əldə edilir.

“Şahdəniz” bu günədək BP-nin dünyada kəşf etdiyi ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kilometr ərazini əhatə edir. Yataq 1999-cu ildə aşkar edilib.

Bütün “Şahdəniz” yatağında hesablanmış ilkin geoloji qaz ehtiyatı təxminən 1 trln. kubmetrdən artıq və kondensat ehtiyatı isə 2 mlrd. barel təşkil edir.

“Şahdəniz 2” ilk dəfə olaraq Xəzər qazını Avropa bazarına çıxaracaq yeni Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Sabit pik hasilat zamanı bu layihənin mövcud hasilat həcmlərinə ildə 16 mlrd. kubmetr qaz əlavə edəcəyi gözlənilir. “Şahdəniz” yatağının ümumi hasilat həcmi ildə 26 mlrd. kubmetr qaz və gündə 120 min barel kondensat səviyyəsinə çatacaq.

“Şahdəniz 2” çərçivəsində Xəzər dənizində ilk dəfə yatağın suyun altında işlənməsi reallaşdırılır və bu, BP şirkətinin bu vaxtadək dünyada operatoru olduğu ən iri dəniz infrastrukturudur.