Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib

94
0

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar bir sıra qabaqlayıcı təhlükəsizlik tədbiri həyata keçirib.

Bu barədə “Report”a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ASCO-nun tabeliyində olan gəmilərə hava şəraitinin kəskin dəyişəcəyi və görülməli olan tədbirlər barədə yazılı məlumat göndərilib, müvafiq tapşırıqlar verilib. Bütün gəmilərin kapitanlarına tapşırılıb ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar görülməli olan təhlükəsizlik tədbirləri barədə verilmiş tapşırıqlara ciddi əməl etsinlər. Bundan başqa, əlaqədar strukturlara körpülərdə dayanmış bütün gəmi və digər üzən vasitələrin təhlükəsizliyinin təmini məqsədilə onların bərkidilməsinin yoxlanılması, yararsız kəndir və burazların yenisi ilə əvəzlənməsinin təşkili, körpülərdən gəmiyə verilmiş keçid traplarının yığışdırılmasının təmini və digər zəruri tapşırıqlar verilib. Eyni zamanda baş verə biləcək fövqəladə hadisə ilə əlaqədar dərhal müvafiq tədbirlərin görülməsi məqsədilə donanmalar tərəfindən hər rayon üzrə növbətçi gəmilər təyin olunub.

Bütün bunlarla bərabər, görülən tədbirlərin əlaqələndirilməsi və mərkəzləşdirilmiş nəzarətin gücləndirilməsi təşkil olunub.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata əsasən, cari ilin yanvar ayının 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Belə ki, 17-18-yanvar tarixlərində şimal-qərb küləyinin 2025 m/s əsəcəyi, arabir 3035 m/s-dək güclənəcəyi, açıq dənizdə isə arabir 38-40 m/s-dək şiddətlənəcəyi və dalğanın hündürlüyünün 3.0-5.0metr, sonrakı mərhələdə 6.0-8.0 metr və daha cox olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır