Bu gün xüsusi diqqət mərkəzində yer alan əsas məqamlardan biri də Azərbaycanın ixrac etdiyi məhsulların həcm və çeşidinin artırılmasıdır. Proseslər göstərir ki, iqtisadiyyatda aparılan islahatlar bu xüsusda artıq mühüm nəticələrin əldə olunması ilə müşayiət edilməkdədir. Hesab edilir ki, yeni başlanan struktur islahatları Azərbaycanın qeyd olunan istiqamətdə nailiyyətlərini daha da artıracaq.
Belə ki, iqtisadçıların hesablamalarına görə, dövlət idarəetməsində effektivliyin artırılması ümumi daxili məhsulun (ÜDM) 2%-ə qədər artmasına gətirib çıxara bilər. Yəni Azərbaycan yeni islahatlar nəticəsində daha çox məhsul istehsalına nail olacaq ki, bu da ixrac həcminin artımına birbaşa təsir edir.
Məsələ ilə bağlı millət vəkili Tahir Mirkişili bildirir ki, idarəetmədə effektivliyin artması özəl sektorun iqtisadiyyata daha çox investisiya yatırmasına, sahibkarlıq mühitinin inkişafına, bürokratiyanın azalmasına gətirib çıxarır: “Bütün bunlar isə iqtisadi strukturların daha çox məhsul istehsalı və satışına fokuslanmalarına imkan verir. Digər tərəfdən, idarəetmə effektivliyinin artırılması dövlət vəsaitlərinə qənaət etməyə imkan verir. Bütün bunlar isə nəticədə ÜDM-nin artmasına şərait yaradır”.
Beləliklə, qarşıdakı dövr ərzində Azərbaycanda ÜDM-nin artmasına paralel olaraq ixracın da miqdarının çoxalması gözlənir. Yeri gəlmişkən qeyd edək ki, əslində, son illərdə ixrac sahəsində Azərbaycan mühüm nailiyyətlərə imza atmağı bacarıb. Məsələn, təkcə ötən il ölkəmiz 30,924 milyard dollar dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2017-ci illə müqayisədə 37% çoxdur. Ötən il ticarət dövriyyəsinin 19,459 milyard dolları ixracın, 11,465 milyard dolları idxalın payına düşüb. Bir ildə ixrac 41%, idxal isə 31% artıb. Beləliklə, xarici ticarətdə 7,994 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da 2017-ci ilə nisbətən 59% çoxdur. Belə vəziyyət Azərbaycana iqtisadi müstəvidə, xüsusən də maliyyə sahəsində mühüm manevr imkanları verir.
Qeyd olunduğu kimi isə, həyata keçirilən yeni struktur islahatları Azərbaycana sözügedən səpkidə yeni manevr imkanları qazandıracaq. Çünki struktur islahatlarının gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Bu fonda da iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi gözlənir. Qeyd edək ki, ötən il ərzində Azərbaycanın qeyri-neft sahəsində ixracı 2 milyard dollara yaxın olub. Bu il isə həmin həcmin əhəmiyyətli dərəcədə artımı gözlənir. Məhz belə vəziyyət ölkədə iqtisadi artıma da birbaşa təsir göstərir. Ekspertlər vurğulayır ki, qlobal neft bazarında qiymət dəyişiklyinin yüksək olduğu bir dövrdə Azərbaycanda iqtisadi artım tempinin qorunub saxlanması artıq daha çox qeyri-neft sektorundakı inkişafa əsaslanır.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoru üzrə artımlar ümumi iqtisadi artımları əhəmiyyətli dərəcədə üstələyib. Belə ki, qeyri-neft sektorunda təkcə sənaye istehsalı 9,1 faiz çoxalıb. Bu isə o deməkdir ki, sənayedə artım daha çox qeyri-neft sektorunun inkişafı nəticəsində baş verib. Bütün bunlar həm də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı hədəflərə nail olunduğundan xəbər verir. Belə vəziyyət iqtisadi artımın dayanıqlılığını şərtləndirən əsas amil sayılmaqla, yuxarıda qeyd olunduğu kimi, ölkəyə daha çox valyuta daxil olmasına da zəmin yaradır. Xatırladaq ki, təkcə ötən ildə valyuta ehtiyatlarımız 3 milyard dollar artıb. Hazırda ölkənin valyuta ehtiyatları 45 milyard dollara çatıb. Cari il ərzində isə bu həcmin 50 milyard dolları keçməsi istisna olunmur və burada qeyri-neft sektorunun xüsusi çəkisinin əhəmiyytəli dərəcədə artması gözlənir. Ekspertlər də vurğulayır ki, bütövlükdə, qeyri-neft sektorunda aparılan islahatlar nəticə etibarı ilə makroiqtisadi göstəricilərin daha da yaxşılaşmasına zəmin yaradır. Nəticədə qeyri-neft sektorunda dayanıqlı inkişaf təmin edilir, ölkə iqtisadiyyatında artım daha dinamik xarakter alır. Neftdən asılılıq aradan qaldırıldıqca daha dayanıqlı iqtisadi inkişafa və artıma nail olunur.
Hazırda ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalını stimullaşdırmaq, onun xammal bazasını yaxşılaşdırılmaq üçün müvafiq addımlar atılır. İdxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artması isə bu sahədə əldə edilən nailiyyətləri artırır. Qeyri-neft sektorunun ixrac imkanlarını artırmaq yolunda görülən işlər xarici ticarət məsələsində Azərbaycanın mövqelərini daha da gücləndirməklə yanaşı, bundan sonra da ölkəyə valyuta axınının güclənməsinə təkan verəcək mühüm amillərdən sayılır.