Nazir: “Bu il Gəmiqayırma Zavodu 2 Ro-Pax tipli gəmi və 2 neft tankerini təhvil verəcək”

107
0

2018-ci ildə Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə – pambıq-poliester və “Open End” üsulu ilə iplik istehsalı fabrikləri istifadəyə verilib, 750 iş yeri açılıb.

“Report”un məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında nazir Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə,investisiya dəyəri 144 mln. manat olan fabriklərin yaradılmasına 10 mln. manat güzəştli kredit verilib: “Müasir texnologiyalar əsasında qurulmuş fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq mahlıcından ildə 20 min ton iplik istehsal olunacaq”.

Nazir bildirib ki, gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodunda 2 min nəfər işlə təmin olunub: “Bu il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” üçün dəyəri 82 mln. ABŞ dolları təşkil edən 2 Ro-Pax tipli unikal gəminin və dəyəri 28 mln. dollar təşkil edən 2 neft tankerinin təhvil verilməsi planlaşdırılır”.

İqtisadiyyat naziri diqqətə çatdırıb ki, sənaye parklarının ümumi investisiya portfelinin həcmi 3,8 mlrd. dollar təşkil edir: “İndiyədək sənaye parklarına 2,9 mlrd. dollar həcmində investisiya qoyulub. Təkcə, 2018-ci ildə rezidentlər tərəfindən 450 mln. dollar sərmayə yatırılıb. Sənaye parklarında 40, o cümlədən 2018-ci ildə 11 rezident qeydiyyata alınıb. Bu rezidentlərin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Tikintidə və istehsalatda 10 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1 mlrd. dollaradək investisiya qoyuluşu, 7000-ə yaxın iş yerinin açılması gözlənilir”.