Səudiyyə Ərəbistanında “Qırmızı dəniz” turizm layihəsinin ümumi planı təsdiq edilib

607

Səudiyyə Ərəbistanında “Qırmızı dəniz” turizm layihəsinin ümumi planı üzrə direktorlar şurası dünyada ən ambisiyalı turizm layihələrindən biri olan Qırmız dənizin inkişafı layihəsini bəyənib.

AZƏRTAC xəbər verir ki, “WATG” və “Buro Hapold” şirkətləri tərəfindən işlənib hazırlanmış Qırmız dənizin inkişafı layihəsinin planına kurort zonasının dizaynı daxildir. Layihə üzərində dünya şöhrətli konsaltinq və mühəndis ofisləri qrupu işləyib.

2022-ci ildə başa çatacaq birinci mərhələdə beş adada 3000 nömrəlik 14 dəbdəbəli otel, dağlarda və səhra rayonlarında iki kurort, habelə yaxtalar üçün yanalma körpüləri, istirahət və əyləncə yerləri, aeroport və infrastruktur obyektləri tikilməsi planlaşdırılır.

“Qırmızı dəniz” layihəsi “Krallıq 2030-cu ildə” strategiyasının mühüm tərkib hissəsidir. Gözlənildiyinə görə, bu layihə 70.000 iş yeri təmin edəcək. Layihənin həyata keçirilməsi prosesində özəl sektor üçün investisiya imkanları yaradılacaq, turizm sektoru inkişaf edəcək. Krallığa 22 milyard Səudiyyə rialı həcmində mənfəət gətiriləcəyi gözlənilir. Layihə Səudiyyə Ərəbistanının qərb sahilində 28.000 kvadratkilometr sahədə həyata keçiriləcək, 90-dan çox ada və göldən ibarət arxipelaqı əhatə edəcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır