Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın getdikcə daha mühüm rol oynaması barədə indiyə qədər dəfələrlə deyilib, yazılıb. Amma real vəziyyət göstərir ki, əslində, Avropanın enerji təhlükəsizliyində Azərbaycan nəzərdə tutulduğundan da artıq rola malik olacaq.
Bunun əsas səbəblərindən biri odur ki, Azərbaycanın enerji ehtyiatlarının indiyə qədər məlum olandan daha çox olduğu üzə çıxır. Özü də bu təkcə qaz ehtiyatları ilə bağlı deyil. Mövcud durum göstərir ki, ölkəmizin neft ehtyiatları da əslində, daha çoxdur. Bunu Rusiyanın “LUKoil” neft şirkətinin Xəzərin Azərbaycana və Qazaxıstana məxsus şelfində yeni kəşf olunan geoloji bloklarda tədqiqat işləri aparması da təsdiq edir.
Xatırladaq ki, Davosdakı Dünya İqtisadi Forumu zamanı Prezident İlham Əliyevlə görüşündən sonra “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov bu xüsusda yayılan informasiyaları təsdiq edib. Bununla bağlı o bildirib: “Azərbaycandakı yeni geoloji kəşfiyyat bloklarını nəzərdən keçiririk, SOCAR-la birgə araşdırırıq. Hansı bloklar olduğunu demək istəmirəm, çünki məsələ erkən mərhələdədir. Xəzər ərazisində daha çox işlər görməkdə maraqlıyıq. Qazaxıstanla danışıqlar aparırıq. “Jenis” blokuna dair sənədlər imzalanıb, müştərək müəssisə yaratmaq üçün hazırlıqlar gedir. Xəzərdəki bu bölgəyə bələdik və topladığımız təcrübədən nəinki Rusiyada, həm də Azərbaycanla Qazaxıstanda yararlanmaq istəyirik”.
Hesab olunur ki, “LUKoil” şirkətinin Azərbaycana məxsus Xəzər şelfində yeni kəşf olunan geoloji bloklarda tədqiqat işləri aparması və buna böyük miqdarda vəsait ayırması təsadüfi deyil və araşıdrmaların nəticəsi Azərbaycanın daha çox neft ehtiytatına malik olmasını üzə çıxaracaq. Bu isə Azərbaycandan Qərb istiqamətinə daha çox neft axınına rəvac verəcək. Digər tərəfdən burada onu da nəzərə alaq ki, Xəzərdə böyük neft ehtyiatına malik başqa bir ölkə olan Qazaxıstan da neftinin bir hissəsini məhz Azərbaycan vasitəsilə Qərb bazarlarına çıxarmaq isətyir. Belə ki, “Kaşaqan” yatağından hasil olunan neftin Bakı-Tiflis-Ceyhan kəməri ilə nəqli planlaşdırılır. Qeyd edək ki, Qazaxıstan son 40 ildə dünyanın kəşf edilmiş ən nəhəng yataqları sırasında dayanan və ehtiyatları təqribən 3 milyard ton həcmində qiymətləndirilən “Kaşaqan” yatağında hasilata hazırlaşır. Qazaxıstan neftinin Avropa bazarlarına nəql edilməsi üçün əsas mənbə Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən məhz bu yataq hesab edilir. “Kaşaqan” yatağının işə salınmasından sonra hasil olunacaq nefti Avropa İttifaqına üzv ölkələrə nəql etmək üçün, bu ölkənin energetika nazirinin müavini Bolat Akçulakovun sözləriən görə, məhz Bakı-Tiflis-Ceyhan neft kəmərindən istifadə nəzərdə tutulur. Onu da bildirək ki, Qazaxıstanın ixracla bağlı, Bakı-Tiflis-Ceyhan istisna olmaqla, hazırda müstəqil, etibarlı və təhlükəsiz transmillli marşrut qarantiyası yoxdur. İstifadədə olan Tengiz-Novorossiysk, Atırau-Samara, Atasu-Alışankou neft kəmərləri və Xəzər Boru Kəmər Konsorsiumu kimi ixrac dəhlizlərinin imkanları isə gələcəkdə xeyli dərəcədə artması proqnozlaşdırılan ixrac potensialını qarşılamaq üçün kifayət deyil. Bakı-Tiflis-Ceyhanla Qazaxıstan neftinin bir hissəsinin ötürülməsi isə Azərbaycan üzərindən Qərbə daha çox neft nəqlinə səbəb olur. Beləliklə, Qərb Azərbaycan vasitəsilə daha çox neft idxal etmək imkanı da qazanır ki, bu da onun maraqlarına tam cavab verir. Xatırladaq ki, Türkmənistan artıq hasil etdiyi neftin bir hissəsini məhz Bakı-Tiflis-Ceyhanla dünya bazarlarına çıxarır.
Amma Azərbaycan qaz bazarında artan rolu ilə də Qərb üçün böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən xatırladaq ki, elə bu günlərdə BP şirkəti rəsmən bəyan edib ki, Xəzərin Azərbaycan sektorunda “Şahdəniz” miqyasında yeni qaz yatağının kəşfinə hazırlaşır. Bu isə Azərbaycan qaz ehtiyatının daha böyük olduğunu təsdiq edir. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Consun sözlərinə görə, cari ildə BP-nin qazma işləri aparacağı “Şəfəq-Asiman” qaz strukturunun ehtiyatları “Şahdəniz-2” yatağı ilə analoji ola bilər. Bu da o deməkdir ki, “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropa İttifaqına daha çox qaz nəql ediləcək. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq “Cənub Qaz Dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu dəhlizllə təkcə Azərbaycan yox, perspektivdə türkmən və İran qazının da daşınması gözlənir.