Xəzər dənizinə atılan tullantılar onun özünü bərpa etməsinə imkan vermir

551

Xəzər dənizinə atılan tullantılar onun özünü bərpa etməsinə imkan vermir.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova fevralın 1-də “Xəzər dənizini çirklənmədən qoruyaq” mövzusunda keçirilmiş mətbuat konfransında deyib.

Nazirliyin sözçüsü bildirib ki, Xəzər dənizi müəyyən qədər özünü bərpa etmək gücünə malikdir, lakin atılan tullantılar onun özünü bərpa etməsinə imkan vermir. “Bu da dənizin ekosisteminin tədricən məhvinə səbəb olur. Məqsədimiz Xəzər dənizini çirklənmədən qorumaq və onun ekoloji durumunu sağlamlaşdırmaqdır. Bu məqsədlə də təbliğat və maarifləndirmə işlərinə üstünlük veririk. Ümid edirik ki, hər bir fiziki və hüquqi şəxs bizim çağırışımıza cavab olaraq öz üzərinə düşən vəzifəni yerinə yetirəcək, sahibkarlar müasir texnologiyalara üstünlük verərək standartlara cavab verən təmizləyici qurğular quraşdıracaqlar”, – deyə İradə İbrahimova ictimaiyyətə üz tutub.

Mətbuat katibi hər kəsin Xəzər dənizinin təmizliyi üçün məsuliyyət daşıdığını və onu çirklənmədən birgə qorumağın vacibliyini qeyd edib.

Nazirliyin şöbə müdiri Mirsalam Qənbərov bildirib ki, Xəzər dənizi daha çox tullantı suları ilə çirklənməyə məruz qalır. Təəssüf ki, tullantı sularını təmizləmədən birbaşa Xəzər dənizinə axıdılmaqda davam edilir. Əslində tullantı suları təmizləyici qurğulara yönəldilməli və təmizləndikdən, zərərsizləşdirildikdən sonra dənizə axıdılmalıdır. Lakin bəzi müəssisələrdə müvafiq standartlara cavab verməyən, primitiv üsulla düzəldilmiş sistemlərdən istifadə edirlər və bunu təmizləyici qurğu adlandırırlar. Hazırda tullantı sularının təmizlənməsi üçün çox sadə və asan idarə olunan texnologiyalar, təmizləyici qurğular mövcuddur. Ölkəmizdə də bəzi müəssisələrdə bu texnologiyalardan istifadə olunur.

Şöbə müdiri, həmçinin qeyd edib: “Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün sahil zolağında fəaliyyət göstərən müəssisə və ictimai iaşə obyektlərinin rəhbərlərini tez bir zamanda tullantı sularının təmizlənməsi üçün çox sadə, müasir standartlara cavab verən, quraşdırılması və idarə olunması asan olan, eyni zamanda, maliyyə cəhətdən sərfəli modul və stasionar qurğular quraşdırmağa çağırırıq. Mütəxəssislərimiz tərəfindən tullantı sularının idarə olunmasının icra prosesinə nəzarət ediləcək. Hər bir fiziki və hüquqi şəxs problemin vacibliyini və aktuallığını başa düşməli, nazirlik tərəfindən verilən xəbərdarlığın müddəti başa çatanadək tədbir görməlidir”.

Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov Xəzər dənizi haqqında məlumat verərək deyib: “Xəzər dənizi bioloji zənginliyi olan unikal və qapalı su hövzəsidir. Onun flora və faunasının, ekosisteminin mühafizəsi xüsusilə aktual məsələdir. Xəzər dənizinin ekosisteminə mənfi təsir aradan qaldırılmasa, gələcəkdə ağır nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi dənizin ətraf mühit və təbii ehtiyatlarının mühafizəsini daim diqqət mərkəzində saxlayır və mütəmadi dənizdə, onun sahil zolağında monitorinqlər keçirir.

Ötən ilin yay mövsümündən başladığımız monitorinqlər zamanı dənizin sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərində, müəssisə və təşkilatlarda məişət və tullantı sularının düzgün idarə olunmadığı aşkar olunub. Monitorinqlərin nəticəsi olaraq müəssisə və təşkilatların rəhbərlərinə istehsalat sahəsinə uyğun təmizləyici qurğuların quraşdırılması istiqamətində çağırışlar edilib və müvafiq tövsiyələr verilib, məktublar göndərilib. Təəssüflər olsun ki, bu günə kimi çox az sayda müəssisə və təşkilat bizim çağırış və tövsiyələrimizə əməl edib. Lakin, onu da qeyd edək ki, bir sıra sahibkar tərəfindən müasir təmizləyici qurğuların quraşdırılması və formalaşan tullantı sularının idarə olunması istiqamətində işlər görülüb. Nazirlik hüquqi və fiziki şəxslərə bir daha çağırış edir ki, qısa müddət ərzində müasir təmizləyici qurğular quraşdırsınlar. Qarşıdan yaz-yay istirahət mövsümünün gəldiyini nəzərə alaraq, ötən illərdə olduğu kimi, bu il də ekoloji gərgin vəziyyət yaranmasın. Məqsədimiz Xəzər dənizinin ekoloji mühitinin mühafizəsinə nail olmaqdır.

Xəzər dənizinin qorunması ilə bağlı regional və beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, tərəfdaş olduğumuz konvensiyaların müddəaları da bu sahəni daim diqqət mərkəzində saxlamağı bizdən tələb edir. Bu sahədə mütəxəssislərimiz tərəfindən monitorinqlər davam etdirilir”.

Sonra kütləvi informasiya vasitələri nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır