Bakıda Çin Yeni ilinin başlanmasını bildirən Bahar bayramı qeyd olunub

630

Fevralın 2-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Bakı Dövlət Universiteti (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun birgə təşkil etdiyi Çinin Bahar Şənliyi Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Çin ilə Azərbaycan arasındakı dostluq və iqtisadi əlaqələrdən bəhs edib. Qeyd edib ki, Çin Yeni ilinin başlanmasını bildirən Bahar bayramı Azərbaycan xalqının qeyd etdiyi Novruz bayramına bənzəyir: “Çin xalqı bu bayrama xüsusi önəm verir və yaxın insanlarla birgə qeyd edir. Bakı limanı ilə birlikdə bayramın qeyd edilməsi, münasibətlərin yaxınlığından, əlaqələrin möhkəmliyindən xəbər verir. Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua dəfələrlə yeni Bakı Limanına gəlib, limanın fəaliyyəti ilə yaxından tanış olub”.

T.Ziyadov bildirib ki, Bakı Limanı Çinin “Bir kəmər – bir yol” strategiyasında mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycandan keçən Çin yüklərinin həcmi artmağa başlayıb. Baş direktor Çin şirkətlərini Bakı Limanında ofis açaraq fəaliyyət göstərməyə dəvət edib.

Çinin ölkəmizdəki səfiri V.Cinhua ölkəsi ilə Azərbaycan arasında mədəni-iqtisadi əlaqələrin yüksək templə inkişaf etdiyini bildirib. Çinin milli bayramı olan Bahar bayramının tarixindən bəhs edən səfir baharın gəlişini qeyd edən hər iki dövlətin gələcəyində böyük uğurlar arzulayıb.

BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Oqtay Cəlilbəyli institut barədə qonaqlara məlumat verib. Bildirib ki, 2011-ci ildən fəaliyyətə başlayan Konfutsi İnstitutunun bu vaxtadək 150 tələbəsi qrant hesabına Çində təhsil alıb. Konfutsi İnstitutunun Bakıda 16 filialı var: “Bu filiallar ali və orta məktəblərdə, eləcə də Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) fəaliyyət göstərir”.

Daha sonra tədbir Çin Yeni ilinə həsr olunan şənliklə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır