İlk neft quyusunun qazıldığı məkan

1042

Azərbaycan, Xəzər dənizi, neft haqqında qədim və antik mənbələr nə deyir?

(e.ə. VI minillikdən başlayaraq b.e. III əsrinədək)

Müasir dünya xalqlarının siyasi taleyində, sosial-iqtisadi və mədəni həyatında müstəsna rol oynayan, beynəlxalq münasibətlərdə dünya dövlətlərinin daxili və xarici siyasətlərinin müəyyənləşdirilməsində həlledici amilə çevrilən, bu qeyri-adi cəlbedici qüvvəyə malik qara “gözəl” – neft necə yaranıb və onu özünün ən başlıca enerji mənbəyi hesab edən insana o nə zamandan məlumdur?

Dünya elmi bu sərvətin insanlara təxminən 8000 il bundan əvvəl məlum olduğunu təsdiq edir. Arxeoloq alimlərin apardıqları qazıntılar zamanı qədim insanların təxminən eramızdan əvvəl VI-IV minilliklərdə neft çalaları və hətta quyuları qazdıqları aşkar edilmişdir.

Geoloji baxımdan neftin təbii sərvət kimi ilk dəfə harada meydana gəldiyini söyləmək mümkün olmasa da, məlum olan odur ki, o, yunanların “Mesopotamiya” adlandırdıqları Fərat və Dəclə çayları vadisində e.ə. III minillikdə siyasi birliklərini yaradan şumerlilər tərəfindən kəşf olunub. Şumerlilər insanlıq üçün yeni olan bu təbii sərvəti yağ kimi suda batmadığı keyfiyyətindən irəli gələrək, ia hul “qəzəbli (və ya “dağıdıcı”) yağ” adlandırır, bitki (ia gış) və heyvanı mənşəli (ia udu, ia ab) yağlardan fərqləndirirdilər. Neftə verilən ad onu deməyə əsas verir ki, şumerlilər ondan hərbi məqsədlərdə (məsələn, şəhərlərin müdafiəsi və ya qalaların alınması zamanı) istifadə edirdilər.

Neft Mesopotamiyanın sami mənşəli xalqına – Babillilərə və Aşurlulara da məlum idi; beynəlxalq terminə çevrilmiş “neft” sözü başlanğıcını onların dilindəki naqatu (“yanmaq”, “işıqlanmaq”) adlıq halda; yiyəlik halda naqti, təsirlik halda napta) sözündən götürüb. E.ə. XVIII əsrdə bu təbii sərvət ia.kur.ra ideoqramları ilə (hərfən: “dağ yağı”) ifadə olunurdu. Buradan belə nəticəyə gəlmək olar ki, düzən Mesopotamiyanın sakinləri neft məhsulunu indiki İraqla İran arasında yerləşən Zaqros dağ silsiləsinin sakinlərindən alırdılar. Fonetik struktur baxımından “neft” ümumsami mənşəlidir. Aramilər (Suriyanın və Fələstinin qərbi sami mənşəli sakinləri) bu təbii neməti naphta adlandırırdılar. Onların vasitəsilə bu söz ərəblərə keçmişdir. Lakin ərəb dilinin fonologiyasında və əlifbasında -p- səsi və onu ifadə edən hərf olmadığından ərəblər bu təbii sərvəti naft adlandırmalı olmuşlar (Dğəkonov İ.M. İstoriə Midii. M-L., 1956, s. 133, prim 4).

E.g. II minilliyin sonlarında “Xam neftin bizə məlum olmayan emalı nəticəsində “təmiz neft” (Babilistanın və Aşşur dövlətinin mətnlərində napti elli ifadəsi ilə bildirilirdi) əldə etmək mümkün oldu. Məsələn, Elam dövlətinin paytaxtı Suzdan (indiki İranın Xuzistan vilayətində Şuş şəhəri) tapılmış akkaddilli mixi yazılı kitabədə “3 qab təmiz neft” ifadəsi yazılıb.

E.ə. I minilliyin mətnlərində neft məhsulunun ən azından 3 məqsədlə istifadə olunduğuna dair məlumatlar mövcuddur.

1. Aşşur şahı Aşşurahaiddinin dövrü ilə tarixlənən (e.ə. 6-6) bir mətndə deyilir ki, məhsul saxlamaq üçün qazılan quyuların divarları neft məhsulu ilə rənglənirdi.

2. Həmin dövrün “təbib məsləhətlərinin” birində dərman kimi neft məhsulundan maz kimi istifadə olunması qeyd olunub.

3. Kahinlər neft yağı vasitəsilə fala baxaraq gələcək hadisələrin proqnozunu verirdilər.

Azərbaycanın arxeoloq alimlərinin XX əsrin 50-70-ci illərində Bakıdan 7-8 km məsafədə olan Binəqədi kəndi yaxınlığında apardıqları paleontoloji qazıntılar zamanı on min illər öncə (alimlər bunu dördüncü dövrə, yəni təqribən 1 milyon il bundan əvvəl başlanan dövrə aid edirlər) burada sahilləri qara neftlə örtülmüş şirin sulu gölün əmələ gəldiyi faktiki olaraq təsdiq edilmişdir. Ətrafda yaşayan canlılar bu gölə su içməyə gələr, lakin içməli su gölün ortalarında olduğundan heyvanlar özlərini suya çatdırmaqdan ötrü sahili bürümüş neft qatından keçməli olurmuşlar. Lakin qatı və yapışqan neft onları məngənəsinə salar və öz qoynunda dəfn edərmiş. Binəqədi neft gölü zaman keçdikcə qurumuş və qalın qır təbəqəsindən ibarət yataq əmələ gəlmişdir. Bu qəbiristanlıq – Binəqədi kəndi yaxınlığındakı qır qatlarında tarixə qədərki dövrdə ən müxtəlif heyvanların qalıqlarının toplanmış olduğu yer beləcə əmələ gəlmişdir. Burada mağara aslanının, canavarların, nəhəng maralların, mağara ayılarının, kaftarların, kərgədanların, atların, ulaqların və nəsli kəsilmiş digər iri və xırda heyvan növlərinin qalıqları aşkar edilmişdir. Binəqədi qır gölü dünya miqyasında ən zəngin paleontoloji xəzinələrdən biri hesab olunur. Bu məkan dördüncü dövr fauna və florası, çeşidi və çoxluğu ilə bütün dünya alimlərini heyrətə gətirmişdir. Mütəxəssislər bu gölü 1875-ci ildə ABŞ-ın Kaliforniya ştatında U.Denton tərəfindən aşkar edilmiş Ranço Lya Brea paleontoloji tapıntısı ilə müqayisə edirlər. Geoloji tədqiqatlar göstərmişdir ki, Ranço Lya Brea faunasının yaşı pleystosen dövrünə aiddir və burada batıb qalmış heyvan qalıqlarının 35000 yaşı vardır. Müqayisə üçün bildiririk ki, Binəqədi gölündəki qalıqların yaşı bundan 2 dəfədən də çoxdur, yəni 75000 ilə bərabərdir.

Bu böyük heyvan qəbiristanlığının yaranmasının əsas səbəblərindən birinin neftdən ayrılmış qırın olması tarixə qədərki dövrlərdə Abşeron yarımadası ərazisində və o cümlədən Xəzər dənizinin sahillərinə yaxın hissələrdə neftin mövcudluğu faktını təsdiq edir.

Bəs onda bəşər tarixində insan üçün ən qədim zamanlardan bu günə qədər ən sərfəli və mühüm sayılan bu qara rəngli maye – neft necə əmələ gəlmişdir? Qeyd etmək lazımdır ki, neftin nədən və necə əmələ gəlməsi məsələsi olduqca çətin və mübahisəli məsələ hesab olunur və dünya elminin ən mühüm problemlərindən biri sayılır. Neftin mənşəyi haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Onun əmələ gəlməsinin kosmik, karbid və vulkanik fərziyyə tərəfdarları neftin qeyri-üzvi yolla yarandığını sübut etməyə çalışırlar. Neftin üzvi mənşəyə malik olması dünya elmində geniş yayılıb və alimlərin böyük əksəriyyəti tərəfindən qəbul edilmişdir. Qəbul olunmuşdur ki, neft çökmə süxurlarda yaranır. Çökmə suxurlar isə qum, qumdaşı, əhəngdaşı, gil və sair materialların qarışığından ibarət olur. Belə süxurlar isə neft geologiyası ilə məşğul olan alimlər tərəfindən kollektorlar adlandırılır. Onlar hesab edirlər ki, neft kollektoru süxur dənələrinin arasında qalan xırda boşluqlarda və çatlarda yerləşir.

Neftçi alimlər tərəfindən öyrənilmişdir ki, okean və dənizlərdə, onlara yaxın olan quru ərazilərdə çoxlu sayda müxtəlif təkhüceyrəli canlılar yaşayır və onlar da baş vermiş təbii fəlakət, okean və dənizin bionomik şəraitinin kəskin dəyişilməsi nəticəsində məhv olaraq su hövzəsinin və qurunun dibinə çökür və beləliklə də, qalın süxur qatları əmələ gətirirlər. Davamlı olaraq istiliyin və yüksək təzyiqin təsirinə məruz qalan bu müxtəlif üzvi qalıqlar son nəticədə neftə çevrilir.

Dünya alimlərindən A.Engler, H.Hefer, Y.M.Qubkin, N.D.Zelinski, R.P.Kalitski, K.Y.Zobell və digərləri neftin üzvi birləşmələrdən əmələ gəlməsi fikrini apardıqları uzunmüddətli elmi tədqiqatları ilə sübut etmişlər. Belə olan halda çox maraqlı və hamını düşündürən təbii sual ortaya çıxır: neft indi də yaranırmı?

Bu suala ilk dəfə 1925-1926-cı illərdə rus alimi V.Y.Vernadski cavab vermişdir. O, Qara dənizin dibindən götürülmüş çöküntülərə əsasən təyin etmişdir ki, hazırda da neft əmələ gəlir və proses daimidir. Bu fikir sonralar neftçi alimlər V.V.Veber, A.Y.Qorskaya və ABŞ alimi P.Smit tərəfindən də təsdiq olunmuşdur. XX əsrin 50-ci illərinin sonunda Cənubi Amerikada Venesuelanın Orinoko çayı məcrasında aşkar edilmiş yeni neft yatağında aparılan tədqiqatlar zamanı bu neftin təxminən 5-10 min il bundan əvvəl yarandığı sübut olunmuşdur.

Bütün bu sual və cavablardan sonra daha bir haqlı sual ortaya çıxır. Bəs neft ilk dəfə hansı ölkədə aşkar edilmiş, insanlar ondan nə zamandan müxtəlif məqsədlərlə – yanacaq, müalicə və s. – istifadə etməyə başlamışlar?

Haqlı olaraq bu gün neftin ilk dəfə aşkar edildiyi və ondan müxtəlif məqsədlər üçün istifadə olunduğu ölkənin Azərbaycan olması bütün dünya xalqları və dövlətləri tərəfindən birmənalı şəkildə qəbul edilir. Yerin dərin qatlarından onun səthinə sızıb çıxan qara mayeyə müasir azərbaycanlıların qədim əcdadlarından biri olan midiyalılar e.ə. VII əsrdə “nafta” adını vermişlər. “Sızmaq” mənasını ifadə edən “nafta” sözü 28 əsrlik bir dövr ərzində müəyyən dəyişikliyə uğramış və indiki neft sözünə çevrilmişdir.

Azərbaycan yeganə ölkədir ki, burada neft həm quruda, həm də dənizdə çıxarılaraq istifadəyə verilmişdir. Abşeron yarımadasının və Xəzərin geoloji inkişaf tarixi, onunla əlaqədar yanar faydalı qazıntı yataqlarının varlığı, onların yerləşmə qanunauyğunluğu və insana ilk baxışda sadə görünən, lakin çox mürəkkəb bir keçmişə malik qlobal hadisələr, heç şübhəsiz, Xəzər dənizi ilə çox sıx bağlıdır.

Tarixi məlumatlara görə, Xəzər dənizinin indiyə qədər altmışdan çox adı olmuşdur. Bu adlardan biri “Günəş gölü”dür və bu adın 2800 il bundan öncə yaşamış qədim yunan şairi Homerin Egey dənizinə həsr etdiyi mahnılarda işlətdiyi tarixdən məlumdur. Heç şübhəsiz, bu dənizə “Günəş gölü” adından başqa, o zaman onun ətrafında yaşayan qəbilələr, tayfalar və xalqlar da öz adlarını vermişlər. Lakin o adlar haqqında heç bir tarixi yazılı mənbələr olmadığından müəyyən mülahizələr yürütmək çətindir. Doğrudur e.ə. IX-VII əsrlərdə Ön Asiyada ikinci dəfə güclü dövlət yaratmış assuriyalılar Xəzər dənizinə “Şərq” dənizi adını vermişdilər. Onu da qeyd etmək lazımdır ki, assuriyalılar və o cümlədən əksər Ön Asiya xalqları neftdən hazırlanmış asfaltdan istifadə edirmişlər. E.ə. V əsrdə yaşamış yunan alimi Gegatey Miletski Xəzər dənizinin yerləşdiyi ərazini körfəz kimi təqdim edərək onu “Girkən” adlandırmışdı. “Tarixin atası” hesab olunan yunan alimi Herodot (E.ə. 484-425-ci illər) isə Xəzər dənizinin cənub sahillərinə səyahət edərək burada məskunlaşmış kaspi tayfalarının yaşayışından söz açmış və dənizin “Kaspi” adlandığını yazmışdı. O, Xəzərin bütün sahillərində olmasa da, ilk dəfə onun qapalı dəniz olduğunu və avarlı gəmilərlə uzunluğunun 15 günlük (1600 km), eninin isə 8 günlük (500 km) yol olduğunu göstərmişdi.

E.ə. 384-322-ci illərdə yaşamış məşhur yunan alimi, Makedoniyalı Aleksandrın (İsgəndərin) müəllimi Aristotel (Ərəstun) də Xəzəri qapalı dəniz hesab etmişdi. Bundan başqa, digər yunan alimi Eratosfen (e.ə. 176-194-cü illər) də Gegatey Miletski kimi Xəzər dənizini Şimal okeanının bir körfəzi kimi təsvir etmişdir. Daha sonralar Polibi (e.ə. 201-120-ci illər), siciliyalı Diodor (e.ə. 80-29-cu illər), yunanıstanlı Strabon (e.ə.53 – b.e.20-ci illəri), b.e.-nin I əsrinin birinci yarısında yaşamış Roma tarixçiləri və coğrafiyaşünasları Pomponi Mela, Kursi Ruf, Böyük Plini (b.e. 23-79-cu illər), isgəndəriyyəli Klavdi Ptolemey (90-168-ci illər) və başqaları öz əsərlərində Xəzər dənizi və onun qərb sahilləri, o cümlədən Abşeron yarımadası haqqında geniş məlumat vermişlər. Bundan başqa, Roma tarixçisi Ammian Marçellin (təxminən 330-400-cü illər) özünün “Əməllər” adlı çoxcildli əsərinin XXIII cildində neft, asfalt və ondan istifadə haqqında məlumat verir. Lakin çox təəssüflər olsun ki, Abşeron yarımadası və o cümlədən Bakı şəhəri haqqında erkən orta əsrlər, xüsusilə də I-VI əsrlərə aid məlumatlar həddən çox məhduddur və ya demək olar ki, yox dərəcəsindədir.

Cəbi Bəhramov

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun
elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent