Azərbaycan yelkənçiləri Omanda təlim və yarışlarda iştirak edəcəklər

419

Azərbaycan Yelkənli İdman Federasiyanın (AYİF) yığma komandası Omanda “Mussanah Race Week 2019” təlim və yarışlarında iştirak edəcək.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq səviyyəli məşqçi Dragan Gasicin də iştirak edəcəyi təlim–məşqlərə və yarışlara AYİF-in yelkənçiləri xüsusi olaraq dəvət ediliblər. İyirmi üç ölkənin qatılacağı yarışda Azərbaycan yelkənçiləri “Optimist”, “Laser4,7” və “Laser radial” sinifləri üzrə iştirak edəcəklər.

Təlim və yarışlarda Azərbaycanı “Optimist” sinfi üzrə Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Səxavət Əzimov, “Laser” sinfi üzrə Murad Allahverdi, İsmayıl Kərimov və Cavid Kərimov təmsil edəcəklər. “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşının yer aldığı heyətə Burcu Algon Giorgianni rəhbərlik edəcək.

Ötən il mayın 31–dən iyunun 3-dək federasiyanın komandasının hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədi ilə təlim düşərgəsi təşkil olunmuşdu. Məşqlərin yüksək keyfiyyətli olması və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi Dragan Gasic AYİF tərəfindən təlimə cəlb edilmişdi. 30 il məşqçi kimi fəaliyyət göstərən, 6 dünya və 4 Avropa çempionatının qalibi olan Dragan Gasic məşq prosessindən və idmançılarımızın hazırlığından razı qalmışdı.

Xatırladaq ki, AYİF-in əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, komandaya yeni idmançıları cəlb etmək olub. Federasiyada hazırda “Optimist” və “Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı–ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir. Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim–məşq düşərgələrində iştirak ediblər. Təlim–məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır