Gəmiçiliyin təlimatçıları üçün kurs təşkil olunub

470

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təlimatçıları üçün təlim kursu təşkil edilib.

Gəmiçilikdən AZƏRTAC-a bildirilib ki, ASCO sədrinin müşaviri, uzun illər dənizdə çalışan, tanınmış kapitan Titos Giannakakisin apardığı təlimdə ADDA-nın müəllimləri, Təlim Tədris Mərkəzinin təlimçiləri və qiymətləndiriciləri iştirak edib.

Beynəlxalq Dəniz Təşkilatının (IMO) “Təlimatçılar üçün təlim” adlı 6.09 model kursunun tələblərinə əsasən keçirilən seminarda dinləyicilərə təlim keçmə üsulları, tədrisin planlaşdırılması, təşkili və əlverişli təlim mühitinin yaradılması, metodikası, dənizçilərin bilik və bacarıqlarının qiymətləndirilməsinin ümumi prinsipləri barədə məlumat verilib.

İlk dəfə bu il ADDA-da ingilis dilində tədrisə başlandığını deyən T.Giannakakis bildirib ki, bu tədris tam olaraq IMO-nun son təlimatlarına əsaslanmalıdır. Bura dərsliklərin IMO standartlarına uyğun tərtibi və yenilənməsi, biliklərin qiymətləndirilməsi kimi məsələlər daxildir.

Təcrübəli və gənc təlimçilərin bir-biri ilə fikir mübadiləsi aparması üçün əlavə platforma sayılan kurs üç gün davam edəcək.

ASCO əməkdaşları üçün mütəmadi olaraq müxtəlif mövzularda təlimlər təşkil edir. Əsas məqsəd QSC-nin strateji hədəflərinə uyğun təlim və təhsilə olan ehtiyacları müəyyənləşdirərək insan resurslarının davamlı inkişafını, eləcə də personalın yeni istehsalat vəzifələrinin icrasına hazırlanmasını, işçilərin biliklərinin sistemli şəkildə yenilənməsini, əməkdaşların peşə mədəniyyətinin və peşə reytinqinin artırılmasını mütərəqqi təhsil, təlim metodları ilə təmin etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır