Ötən il Səngəçal terminalından gündəlik 28,4 mln. kubmetr “Şahdəniz” qazı ixrac edilib

350

2018-ci ildə “Azəri-Çıraq-Günışli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı illik hesabata əsasən xəbər verir.

Məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 55 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 75 mln. standart kubmetrdir.

İl ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 284 mln. bareldən çox neft və kondensat, o cümlədən təqribən 255 mln. bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 28 mln. bareldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,3 mln. barelə yaxın ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28,4 mln. standart kubmetr (1003 mln. standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib.