“Cənub Qaz Dəhlizi” iştirakçılarının say artımı və Azərbaycan diplomatiyasının həlledici rolu…

381

“Bu, layihəyə bəslənən böyük inam sayəsində mümkün olub”

İlham Şaban: “Artıq gördülər ki, “Cənub Qaz Dəhlizi” mif deyil, gerçəkləşməkdə olan bir layihədir”

“İllik toplantılarımızda iştirak edən qonaqlarımızın sayı artır. Mənə verilən məlumata görə, burada Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistandan olan nümayəndələr iştirak edirlər və şadam ki, bu layihəyə maraq göstərən dövlətlərin sayı artmaqdadır”. Bu fikirləri “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında çıxışı zamanı Prezident İlham Əliyev deyib.

Ölkə başçısının sözlərinə görə, 2015-ci ildə bu mühüm prosesə start verdik və Azərbaycan belə bir əməkdaşlıq formatının təşəbbüskarı oldu: “Bu təşəbbüs Avropa Komissiyası tərəfindən də dəstəkləndi və beləliklə, bu proses başlandı. Biz belə toplantıların və bu nəhəng layihənin irəli aparılması ilə bağlı görülməli işlərə dair geniş müzakirələrin faydasını görürük”.

Prezident layihəyə dəstək verən ölkələrin fəaliyyətini yüksək qiymətləndirib: “Mən Azərbaycanın təşəbbüskarı olduğu bütün enerji layihələrinin, xüsusilə də “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasında göstərilən davamlı dəstəyə görə Amerika Birləşmiş Ştatları hökumətinə minnətdarlığımı bildirirəm. Mən ABŞ və Böyük Britaniyanın yüksək səviyyəli nümayəndələrini salamlayıram. Əminəm ki, sizin töhfəniz sayəsində bu toplantının gözəl nəticələri olacaq. Mən, eyni zamanda, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində iştirak edən qonşularımız Türkiyə və Gürcüstan, habelə Avropa ölkələrindən Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadan olan nümayəndələri salamlayıram. Biz artıq bu layihənin reallaşdırılmasına məsul olan bir komandayıq”.

O da məlum olub ki, Azərbaycan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb.

Görünən odur ki, sözügedən enerji layihəsinə maraq getdikcə artır. Layihəyə qoşulan dövlətlər böyük inamla bu addımı atırlar. Bütün bu deyilənlərlə yanaşı, “Cənub Qaz Dəhlizi” iştirakçılarının sayının genişlənməsi nəyin sayəsində olub?

Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, bu, layihəyə bəslənən böyük inam sayəsində mümkün olub: “Bunun nəticəsidir ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında 17 ölkə iştirak etdi. Belə ki, 17 iştirakçı ölkədən 7-si “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçıları idi. Digərləri Avropa ölkələri idi. Hansı ki, həmin ölkələr Azərbaycandan qaz almaq niyyəti güdən ölkələrdir. Onun da 3-ü ilk dəfə idi ki, bu formatlı görüşə qatılmışdı. Yəni Azərbaycan qazının potensial alıcıları kimi orada təmsil olunurdular. Artıq gördülər ki, “Cənub Qaz Dəhlizi” mif deyil, gerçəkləşməkdə olan bir layihədir. Ona görə də hesab edirəm ki, 2020-ci ildə – növbəti mərhələdə genişləndirilmə layihələri gündəmə gələndə Azərbaycan qazının alıcıları daha da artacaq. Onların sırası daha da genişlənəcək. Bununla yanaşı, Məşvərət Şurası çərçivəsində əldə olunan qərar artıq layihənin maliyyə mərhələsindən realizə mərhələsinə keçməsi ilə ona marağın göstəricisini özündə ehtiva edir. O baxımdan hesab edirəm ki, illər keçdikcə, Azərbaycan qazı Avropaya nəql edildikcə, ona maraq artmaqda davam edəcək”.

İ.Şabanın fikrincə, keçirilən görüş layihənin gerçəkləşməsində mühüm izlər buraxdı: “Ona görə ki, 2015-ci ildə Azərbaycanın təşəbbüsü ilə keçirilən bu toplantı ona əsaslanmışdı ki, çox mürəkkəb, çox kapitalyönümlü olan bir layihə vaxtında gerçəkləşsin. Qrafikə əməl olunsun, tamamlansın. Çünki, faktiki olaraq, bir-birindən asılı olmayan dörd layihəni – bir hasilat, üç infrastruktur layihəsini birləşdirirdi. Dünyada hələ bu cür mürəkkəb bir layihə həyata keçirilməyib”.

Vidadi ORDAHALLI