“Şahdəniz” və “Şəfəq-Asiman” yataqları 2050-ci ilədək Xəzərdə qazın etibarlı tədarükünü təmin edəcək

391

Azərbaycanda “Şahdəniz” və “Şəfəq-Asiman” qaz yataqları Xəzər qazının bu əsrin ortalarınadək etibarlı tədarükünü təmin edəcək. “Trend”in məlumatına görə, bunu Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair keçirilən 2019-cu il sərgi-konfransında BP-nin neft quyuları üzrə vitse-prezidenti Mayk Zangi deyib.

O qeyd edib ki, şirkətin Xəzər dənizində – həm “Şahdəniz” yatağında, həm də “Azəri-Çıraq-Günəşli” (AÇQ) blokunda fəaliyyəti BP-nin dünyadakı irimiqyaslı fəaliyyətini əks etdirir:

“Növbəti 25 il ərzində BP şirkəti və onun tərəfdaşlarının diqqəti AÇQ və “Şahdəniz” layihələrinə yönələcək. Biz bu yataqların işlənməsini əsrin ortalarınadək davam etdirəcəyik”.

M.Zangi bildirib ki, SOCAR-la birgə BP Xəzər regionunda neft-qaz ehtiyatlarının hasilatını davam etdirəcək. O əlavə edib ki, “Şəfəq-Asiman” yatağında çətin quyunun qazılması, eləcə də 2020-ci ildə “Şahdəniz”də kəşfiyyat quyusunun qazılması gözlənilir. Bu iki layihə Xəzər qazının əsrin ortalarınadək etibarlı tədarükünü təmin edəcək:

“Biz Abşeron yarımadasında dayaz sularda seysmik kəşfiyyatı başa çatdırmışıq və bu ilin sonunda üç perspektiv sahənin qazılmasına başlamağı planlaşdırırıq. Gələn il D230 blokunda seysmik-kəşfiyyat işləri keçiriləcək. Ofşor layihələrə əlavə olaraq bizim quruda da layihələrimiz var. Biz Azərbaycanda ilk dəfə “Qobustan” yatağında quruda qazma işlər aparacağıq”.