Azərbaycanın daha 12 rayonunda akvakultura təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

432

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) balıqçılıq üzrə mütəxəssisləri Göyçay, Goranboy, Göygöl, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Daşkəsən, Balakən, Zaqatala, Şəki və Qax rayonlarının nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə görüşüblər. 

Nazirliyin Mətbuat xidmətindən “Report”a bildirilib ki, qurumun mütəxəssisləri sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişaf perspektivləri, yüksək məhsuldarlığın əldə olunması yolları və keyfiyyətli yem təchizatının təmin olunması ilə bağlı məsləhətlər verib, onların problemlərini dinləyib və həlli yollarını müzakirə edərək sahibkarlara müvafiq tövsiyələr veriblər.

Görüşdə sahibkarlara nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı təlimatlar verilib, yarana biləcək sualların cavablandırılması üçün Nazirliyin müvafiq qurumlarına müraciət etmələri bildirilib.

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər davam edir.