Mübariz Mənsimov dünya azərbaycanlılarına müraciət edir

86

İstanbulda “Xocalı üçün paylaş” kampaniyasına start veriləcək

İstanbulda “Palmali” Şirkətlər Qrupu tərəfindən Xocalı soyqırımının anım günü ilə əlaqədar böyük “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası təşkil olunacaq. Təşkilatçıların Sputnik Azərbaycan-a verdiyi məlumata görə, İstanbul Universitetində baş tutacaq kampaniya dörd dildə (ingilis, türk, rus və fransız), əsasən tələbələrdən ibarət könüllülər tərəfindən aparılacaq.

Xocalı faciəsinin anılması, arxiv şəkli

26 fevral, 2019-cu il, saat 12:00-da İstanbul Universitetində başlayacaq kampaniyanın əsas məqsədi başda “Twitter” olmaqla, bütün sosial şəbəkələrdə o günün anlam və önəminin dünyaya çatdırılmasıdır.

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası zamanı könüllülər #hocalıiçinpaylaş və #shareforkhojaly həştəqləri ilə sosial şəbəkədə həm Türkiyə, həm də dünya üzrə ilk sıralara daxil olmağı hədəfləyirlər. Üzərində “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyasının xüsusi geyimi olan və sosial media üzrə xüsusi təlim keçmiş 200 könüllü gün ərzində bu həştəqlərlə Xocalı soyqırımı başda olmaqla, Qarabağ həqiqətlərini dünyaya çatdıracaq, Xocalıya ədalət üçün dünyaya meydan oxuyacaqlar.

Bu barədə açıqlama verən “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov deyib: “Məqsədimiz təkcə Türkiyədə deyil, bütün dünyada Xocalı ağrı-acısını, orada yaşananları paylaşmaq, yeni çağın ən təsirli silahı olan sosial media vasitəsi ilə erməni daşnaklarının vəhşicəsinə törətdikləri cinayətləri beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaqdır. Bu səbəbdən də dünya azərbaycanlılarını Xocalı üçün bu həqiqətləri paylaşmaqda aktiv olmağa dəvət edirik”.

Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupunun dəstəyi və təşkilatçılığı ilə keçiriləcək “Xocalı üçün paylaş” Sosial Media Kampaniyasına təşkilati dəstəyi “Yeni Çağ” Media Qrupu və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi (Azerbaycan Kültür ve Dayanışma Topluluğu) verir. Layihənin koordinatorları Aqil Ələsgər, Nihad Allahyarlı və Rəşid Mustafazadədir.

Saat 12-də başlayacaq və gecə 23:59-a qədər davam edəcək kampaniyaya millət vəkilləri, elm xadimləri, ictimai xadimlər, iş adamları, sənətçilər və digər tanınmış şəxslər qatılacaqlar.